Nüfuzlu qlobal oyun şirkəti “Xsolla” Azərbaycan texnoparkında fəaliyyət göstərəcək

Baş səhifə

Bakı. Trend:

Dünyanın aparıcı videooyun kommersiya şirkətlərindən biri olan
“Xsolla” İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA)
nəzdində fəaliyyət göstərən Pirallahı Yüksək Texnologiyalar
Parkında rezident statusunu alıb.

Texnopark rezidentliyi “Xsolla” üçün texnoparkdan kənar
(virtual) fəaliyyət göstərmək, eləcə də bir sıra imtiyazlardan
faydalanmaq imkanı yaradır. Belə ki, rezindentlik çərçivəsində
şirkət 10 il müddətinə sosial sığorta haqqı, mənfəət, torpaq,
əmlak, dividend və bir sıra digər vergilərdən azad olacaq.

Texnopark rezidentliyinin verdiyi imtiyazlar sayəsində “Xsolla”
Azərbaycanın rəqəmsal oyun ekosisteminə daha intensiv və səmərəli
yatırımlar etmək imkanına sahib olacaq. Bu da öz növbəsində oyun
sənayesinin dinamik inkişafı, qabaqcıl dünya təcrübəsinin ölkəmizdə
tətbiqi və oyun studiyalarının həm yerli, həm də qlobal bazarda
tanınması yönündə real perspektivlər yaradacaq. “Xsolla”, həmçinin
ölkəyə yüksəkixtisaslı kadrların cəlb olunmasına və ixtisaslaşmış
infrastrukturun inkişafına da təsir göstərəcək.




İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh
Kərimli bildirib ki, “Xsolla”nın Azərbaycan texnoparkında
fəaliyyətə başlaması yerli ekosistem üçün olduqca əhəmiyyətli
hadisədir:

Xsolla kimi qlobal oyun şirkətinin Azərbaycanda
fəaliyyətini genişləndirməsi ölkədə oyun sənayesinin yüksəlişdə
olduğunu göstərir. Ümumiyyətlə, qlobal oyunçuların Azərbaycana
gəlməsi birmənalı olaraq yerli oyun ekosisteminin sürətli
inkişafına təkan verir. Bununla yanaşı, həm innovasiyaların
tətbiqi, həm də İT sahəsində insan kapitalının inkişafı
sürətlənir.”

Qeyd edək ki, “Xsolla” qlobal oyun biznesində kommersiya
əməliyyatlarının 72%-ni həyata keçirən platformadır və bu sahədə 20
illik təcrübəyə sahibdir. İRİA ilə bu şirkətin əməkdaşlığı
çərçivəsində yerli oyun ekosisteminin inkişafı istiqamətində ilk
beynəlxalq inkubasiya proqramı reallaşdırılıb, eləcə də yaxın
zamanda “Xsolla StarNest Academy” və digər ortaq layihələrin
başladılması nəzərdə tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir