
Azərbaycanda işə qəbul prosesində ən vacib sənəd olan CV-nin hazırlanması hələ də peşəkar səviyyədə formalaşmayıb.
Bu barədə tanınmış insan resursları sahəsi üzrə mütəxəssis Türkan Əkbərova Metbuat.az-a fikirlərini bölüşüb.
O bildirib ki, bir çox hallarda təqdim edilən CV-lər səliqəsiz olur, konkret məlumat vermir və işə qəbul prosesində yararsız hala gəlir. Türkan Əkbərovanın fikirlərinə gör, bəzi hallarda hətta uşaqlıqdan yazılan təcrübələr, bir-birinə qarışmış məlumatlar və qeyri-ciddi yanaşma müşahidə edilir ki, bu da işə götürənlərdə təəccüb doğurur:
“Almaniyada və digər ölkələrdə CV-lərin filtr sistemindən – ATS-dən keçirilir. Bu sistem işə qəbul prosesini xeyli səmərəli edir. Azərbaycanda da bu yanaşma yeni-yeni tətbiq olunmağa başlayır, lakin hələ zəifdir. Avropada hər şey CV-dən başlayır. Azərbaycanda isə çox vaxt CV sadəcə formal sənəd kimi qəbul edilir. Bu, sistemin inkişaf etməməsindən qaynaqlanır”.
Mütəxəssisin fikrincə, CV hazırlayarkən ilk növbədə səliqəyə və sahəyə uyğunluğa diqqət yetirilməlidir:
“Geniş yayılmış yanlış təsəvvürlərdən biri hər vakansiya üçün ayrıca CV hazırlanmasıdır. Bu mifdir. Onsuz da sizin sahənizə uyğun bir baza CV-niz olur. Vacib olan odur ki, həmin CV-də bütün bacarıq və təcrübələr əksini tapsın. İşə götürən artıq özü uyğunluğu görür.” O əlavə edib ki, bir insanın eyni vaxtda 50-100 vakansiyaya müraciət etdiyini nəzərə alsaq, hər birinə ayrıca CV hazırlamaq sadəcə mümkün deyil.
Avropada CV-də şəkil tələb olunmur. Hətta bəzi ölkələrdə bu qadağan edilib. Azərbaycanda və Türkiyədə isə hələ də şəkilə və şəxsi detallarına görə işçi seçmək halları qalır. Bu qeyri-peşəkar yanaşmadır. Almaniyada müsahibədə kimdənsə bürcünü soruşsanız, sizi dərhal şikayət edərlər. Amma bizdə belə hallar hələ də rast gəlinir”.
Türkan Əkbərova CV-nin həcminə də diqqət çəkərək qeyd edib ki, təcrübədən asılı olaraq sənədin bir, iki və ya maksimum üç səhifə olması kifayətdir. Onun fikrincə, ən vacib olan məlumatların seçilərək qısa, aydın və səliqəli şəkildə təqdim olunmasıdır:
“Əgər CV çox uzundursa, işə götürən onu oxumayacaq. Ona görə ən vacib uğurlar və nəticələr ön plana çıxarılmalıdır,” – deyə o bildirib.
Gülbəniz Hüseynli / Metbuat.az

