Milli Məclisin sədri Malayziyanın Baş naziri ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova Malayziyanın Baş naziri
Ənvər İbrahim ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Baş nazir Ənvər İbrahim Azərbaycan parlamentinin
spikerini salamlayaraq, AİPA- nın 46-cı Baş Assambleyasının
əhəmiyyətini qeyd edib və tədbirdə iştirakına görə Milli Məclisin
sədrinə təşəkkürünü bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını və ən xoş
arzularını çatdırmağı xahiş edib.

Söhbət zamanı Baş nazir Azərbaycanın dinamik inkişafını
izlədiklərini söyləyib, Azərbaycanın əldə etdiyi uğurların, xüsusən
iqtisadi tərəqqinin, beynəlxalq nüfuzunun artmasının Malayziyanı
sevindirdiyini bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanla Malayziya
arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin
əhəmiyyətini qeyd edib. Ölkələrimizin müxtəlif beynəlxalq
təşkilatlarda qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub.

Görüşdə parlamentlərimiz arasında əməkdaşlıq məsələləri haqqında
fikir mübadiləsi aparılıb. Qarşılıqlı səfərlər, parlament
üzvlərinin birgə fəaliyyəti ilə yanaşı, parlamentlərimizin
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Parlamentlərarası
İttifaq, İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, Asiya
Parlament Assambleyası kimi parlamentlərarası təşkilatlar
çərçivəsində müsbət əməkdaşlığı da xüsusi vurğulanıb.

Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın müxtəlif
sahələrdə əldə etdiyi nailiyyətlər, işğaldan azad olunmuş
ərazilərimizdə həyata keçirilən nəhəng layihələr, keçmiş məcburi
köçkünlərin öz yurdlarına qaytarılması istiqamətində görülən işlər
haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da
fikir mübadiləsi aparılıb.