Abşeron rayonunun sahibkarları ilə görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
təşkilatçılığı və Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi ilə
rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Dövlət Suverenliyi Günü münasibətilə təşkil olunmuş budəfəki
görüşdə sənaye, tikinti, kənd təsərrüfatı, heyvandarlıq, quşçuluq,
ictimai iaşə və s. sektorlarda fəaliyyət göstərən 140-a yaxın
sahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri
iştirak ediblər.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin
Fərzəliyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov
sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və əlverişli biznes
mühitin yaradılması üçün dövlətin dəstək alətləri, eləcə də rayonun
iqtisadi potensialı və mövcud imkanlardan istifadə olunmaqla yeni
bizneslərin yaradılması, investisiya qoyuluşu üçün perspektivlər
barədə məlumat veriblər. Bildirilib ki, Abşeron rayonu müxtəlif
biznes sahələri üzrə böyük potensiala malikdir. Abşeronda
sahibkarlar və öz biznesini qurmaq istəyən şəxslər xidmət və
tikinti sektorunda investisiya imkanlarını dəyərləndirə bilərlər.
Rayonda ictimai iaşə, logistika, təhsil və səhiyyə xidmətlərinin
təşkili üçün potensial genişdir. Xüsusilə də innovativ yanaşmalar
tətbiq etməklə məhsul və xidmət çeşidini artırmaq olar. Dövlət
tərəfindən təqdim olunan subsidiyalar, güzəştli kreditlər, vergi
güzəştləri, investisiya təşviqi sənədi, klasterləşməyə dəstək və
digər mexanizmlər rayonda fəaliyyət göstərən sahibkarlar və biznesə
başlayanlar üçün əhəmiyyətli imkanlar yaradır. Yeni biznes
ideyaları və investisiya təşəbbüsləri olan sahibkarlar KOBİA-nın
dəstək mexanizmlərindən də faydalana bilərlər.




Görüşdə torpaqların təyinatının dəyişdirilməsi, işğaldan azad
olunmuş ərazilərdə inkluziv tədris mərkəzinin yaradılmasına,
⁠xarici bazarlara və ticarət şəbəkələrinə çıxışa dəstək, ⁠güzəştli
kreditlər, sahibkarlıq fəaliyyətinin sənədləşdirilməsi, müxtəlif
infrastruktur və kommunal xidmətlərlə bağlı məsələlər müzakirə
edilib, sahibkarların ehtiyacları və təklifləri dinlənilib,
sualları cavablandırılıb.

Abşeron rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri “Zəhmət
Ruzi” MMC-nin ət və süd məhsulları istehsalı müəssisəsini ziyarət
ediblər. İstehsal prosesi ilə tanışlıq zamanı müəssisənin gələcək
planlarının reallaşdırılması üçün dövlət dəstəyi barədə fikir
mübadiləsi aparılıb. Qeyd edək ki, müəssisə KOBİA-nın müxtəlif
dəstək alətlərindən, o cümlədən satış imkanlarının
genişləndirilməsi mexanizmindən istifadə edib.