
Bakı. Trend:
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider
Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının şanlı səhifəsi
olan “Əsrin müqaviləsi”nin imzalanmasından 31 il keçir. Ötən bu
illərdə Azərbaycanın tarixinə biri-birindən möhtəşəm səhifələrin
yazıldığını bu günümüzdən dünənimizə baxış əsasında daha aydın
şəkildə görür və bundan böyük qürur hissi keçiririk. “Əsrin
müqaviləsi” Ulu Öndər Heydər Əliyevin şah əsərlərindən biridir.
Ümummilli Liderin gərgin səyi nəticəsində 1994-cü ildə “Xəzər
dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlar
blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin
birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət
Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında
müqavilə imzalandı. Saziş öz tarixi, siyasi və beynəlxalq
əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını aldı. Müqavilədə
dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya,
Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft
şirkəti (“Amoco”, BP, “McDermott”, “Unocal”, SOCAR, “LUKoil”,
“Statoil”, “Exxon”, “Türkiye Petrolleri”, “Pennzoil”, “Itochu”,
“Remco”, “Delta”) iştirak etdi. Bununla da müstəqil dövlətimizin
neft strategiyasının və doktrinasının əsası qoyuldu. “Əsrin
müqaviləsi”nin Azərbaycanın dövlət müstəqilliyinin, iqtisadi və
siyasi mövqeyinin möhkəmlənməsində rolu böyükdür.
Bu fikirləri Trend-ə Milli Məclisin deputatı Vüqar Rəhimzadə
deyib.
Millət vəkili bu məqamı da xüsusi vurğulayıb ki, neft
strategiyasının hazırlanmasının ilk günündən Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci
vitse-prezidenti İlham Əliyev danışıqlar prosesinə cəlb edildi,
yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata
keçirilməsinin ən fəal iştirakçılarından oldu. Gərgin səylər
nəticəsində bu sazişin imzalanması reallığa çevrildi. “Əsrin
müqaviləsi”nin imzalanmasının 23-cü ildönümündə Xəzər dənizinin
Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft
hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib
olunmuş Sazişin imzalanması Azərbaycanın enerji sektorunun bu
günümüz və gələcəyimiz üçün əsas amil olduğunu bir daha təsdiqlədi.
Həmin imzalanma mərasimindəki çıxışında “O vaxtdan bu günə qədər
Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir.
Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Əgər biz
1994-cü ildən neft-qaz sahəsində xronologiyaya baxsaq görərik ki,
bu, ancaq uğurlar xronologiyasıdır” söyləyən dövlət başçısı İlham
Əliyev bir daha diqqəti “Əsrin müqaviləsi”nin imzalandığı dövrə
yönəldərək bildirdi ki, bu saziş Ulu Öndər Heydər Əliyevin
Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün
bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz
həyatında görür. Bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər
Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il
sentyabrın 20-də Gülüstan sarayında o tarixi gündə Ulu Öndər Heydər
Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd
etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası
olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən
sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən
gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində
imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı
üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər
Əliyev siyasəti yaşayır və yaşayacaq.
Vüqar Rəhimzadə qeyd edib ki, “Əsrin müqaviləsi” respublikada
neft hasilatının böyük həcmdə artmasına səbəb oldu. Yeni neft
strategiyasının gerçəkləşməsi ilə ölkəmizin neft ehtiyatlarının
istismarına böyük həcmdə xarici investisiya cəlb edildi. Neft
strategiyasının uğurlu icrasında Azərbaycan Dövlət Neft Şirkətinin
böyük rolu var. Həmin müqavilədən sonra çoxsaylı sazişlərin
imzalanması da bunun təsdiqidir. Həmin sazişlər çərçivəsində
Azərbaycanın neft-qaz sektoruna böyük həcmdə sərmayə yatırılıb.
SOCAR bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və
texniki imkanları olan, müasir texnologiyaları tətbiq edən,
Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən modern
şirkətdir. Hazırda Azərbaycan yalnız neft deyil, qaz, elektrik
enerjisi ixracatçısı kimi də nüfuz qazanıb. Azərbaycanın enerji
diplomatiyasının uğurları davamlılığı ilə diqqətdədir. Vaxtilə
çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan və
Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə
regional inkişafın aparıcı qüvvəsi kimi tanınan Azərbaycan dünyanın
enerji təhlükəsizliyinin təmin olunmasında güclənən mövqeyini
möhkəmləndirir. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi
inkişafında dönüş nöqtəsi oldu, ölkəmiz beynəlxalq enerji
layihələrinin fəal iştirakçısına çevrildi. Xarici tərəfdaşlarla
birlikdə reallaşdırılan iri layihələr dünyanın enerji xəritəsində
ölkəmizə strateji mövqe qazandırmaqla yanaşı, qlobal səviyyədə
enerji təchizatının sabitliyinə də töhfə verdi. Azərbaycan etibarlı
və arzuolunan tərəfdaş kimi nüfuz qazanıb. “Yeni əsrin
müqaviləsi”nin imzalanması ölkəmizin həyatında çox əlamətdar və
tarixi bir gün oldu. “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının
işlənilməsində yeni dövr başladı. “Azəri-Çıraq-Günəşli” neft
yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Bu sazişin “Yeni
əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil. Azərbaycanın
gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsi
üçün bu kontraktın çox böyük əhəmiyyəti var. Sazişin bir hissəsi
olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 25 faizə qaldırıldı.
Qazanılan nailiyyətlər onu göstərir ki, “Əsrin müqaviləsi”
imzalanandan bu günə qədər Ümummilli Liderin müəllifi olduğu neft
strategiyası uğurla icra edilir, zənginləşir, yeni önəmli
sərmayələr cəlb edilir, addımlar atılır.
Milli Məclisin deputatı bildirib ki, “Əsrin müqaviləsi”nin 20
illiyində, 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu.
2018-ci ilin mayında bu layihənin rəsmi açılışı oldu, iyun ayında
isə əsas seqmentlərindən biri olan TANAP istifadəyə verildi.
Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu hər bir layihəni
uğurlu sonluqla başa çatdırması hər zaman beynəlxalq səviyyədə
yüksək dəyərləndirilir. 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz
Dəhlizinin son tərkib hissəsi olan TAP istifadəyə verildi. Bütün
bunlar “Əsrin müqaviləsi”nin əhəmiyyətindən bəhs edərkən iqtisadi
ilə yanaşı, siyasi tərəfinin xüsusi vurğulanmasına işıq salır.
Çünki “Əsrin müqaviləsi” Azərbaycana yalnız iqtisadi səmərə deyil,
eyni zamanda, siyasi zəmanət də qazandırdı. Azərbaycan xalqının Ulu
Öndəri Heydər Əliyevin də məqsədi məhz elə Azərbaycanın
müstəqilliyinin əbədi olmasını təmin etməkdən ibarət idi ki,
ölkəmiz buna da nail oldu.
Vüqar Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycanın öz hesabına
yaşamasında, iqtisadiyyatın dinamik şəkildə inkişafında “Əsrin
müqaviləsi”nin xüsusi rolu var. Onu da qeyd edək ki, Ümummilli
Lider Heydər Əliyevin Fərmanı ilə 1999-cu ildə Dövlət Neft Fondunun
yaradılması da bu günümüzə hesablanmış mühüm addımlardandır. Fondun
vəsaitləri hesabına ölkəmizin dayanıqlı inkişafı üçün mühüm
sosial-iqtisadi layihələr icra edilir. İqtisadi şaxələndirmə,
neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli
addımlar atılır. Dövlət başçısı İlham Əliyev 2003-cü ildən bu
hədəfi açıqladı ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına
olmalıdır. Bu sahədə ölkəmiz böyük uğurlar əldə edib. Azərbaycanın
iqtisadi inkişafında neft-qaz sektorunun rolunu daim önə çəkən
Prezident İlham Əliyev bu hədəfi də qarşıya qoydu ki, neft kapitalı
insan kapitalına çevrilməlidir. Regionların malik olduğu
potensialdan səmərəli istifadənin təmin edilməsi üçün Regional
inkişaf proqramları təsdiqləndi və uğurla icra edildi. 4 Dövlət
Proqramı uğurla icra olundu. Bölgələrin siması tamamilə dəyişdi.
Qeyri-neft sektoruna yatırılan investisiyaların həcmi artdı.
Mənbəyini “Əsrin müqaviləsi”ndən götürən bu zəngin potensial
hazırda Azərbaycanı dünyada güclü və nüfuzlu dövlətə çevirib.
Millət vəkili vurğulayıb ki, Azərbaycan hər dövrün çağırışlarını
uğurla yerinə yetirir. Tarixi Zəfərimizdə, suverenliyimizin tam
bərpasında Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft
strategiyasının rolu böyükdür. 1993-cü ildən başlanan yol
Azərbaycanın hər bir sahədə uğurlu inkişafını təmin etdi.
Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordu quruculuğu
sahəsində mühüm addımlar atıldı. Ulu Öndər Heydər Əliyevin şah
əsəri olan müasir müstəqil Azərbaycanı qalib, bütövləşən ölkə kimi
dünyaya təqdim edən 44 günlük İkinci Qarabağ müharibəsi, birgünlük
lokal antiterror tədbirləri Azərbaycanın bütün sahələrdə qazandığı
uğurların təqdimatı oldu. Tarixi Zəfərimizin, suverenliyimizin
reallıqları fonunda Böyük Qayıdış Proqramının uğurlu icrası neft
strategiyasının Azərbaycana qazandırdığı iqtisadi imkanların
təqdimatıdır. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir,
genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
Soydaşlarımızın qayıdış ünvanlarının sayı günbəgün artır.
Vüqar Rəhimzadə bildirib ki, neft strategiyasının uğurlarını, 31
illik yolu bir yazıda tam əhatə etmək mümkün deyil. Bu günümüzün
əsas çağırışlarından biri də bərpaolunan enerji mənbələrinə
investisiyaların yatırılmasıdır. Qlobal çağırışları nəzərə alaraq,
Azərbaycan bərpaolunan enerji resurslarının artırılması üçün yeni
təşəbbüslər həyata keçirir. Ölkəmizin ötən il ev sahibliyi etdiyi
COP29 konfransı iqlim diplomatiyasında dönüş nöqtəsi oldu.
Azərbaycanın beynəlxalq nüfuzunun, söz sahibliyinin təqdimatı olan
COP29 ölkəmizin qarşısında geniş imkanlar açdı. Dövlət başçısı
İlham Əliyevin qeyd etdiyi kimi, COP29-la bağlı hədəflərimizdən
biri Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idi
və biz buna nail ola bildik. Hədəf ətraf mühiti ən çox çirkləndirən
ölkələr, inkişaf etmiş ölkələr və bundan əziyyət çəkən, hətta
bəzilərinin mövcudluğuna təhlükə olan inkişafda olan ölkələr
arasında etimadın artırılması idi. İnkişaf etməkdə olan kiçik ada
dövlətlərinə yardım paketi də COP29-da elan edildi və köməyimizə
ehtiyacı olan ölkələrə dəstək verməyə davam edəcəyik.
Millət vəkili Azərbaycanın enerji resurslarının təqdimatında
əhəmiyyətli rol oynayan Neft-Qaz sərgilərinə də diqqəti yönəldib.
Bu il Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü
Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power”
və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimi
keçilən 30 illik yolun ümumiləşdirilmiş ifadəsi oldu. Dövlət
başçısı İlham Əliyev bildirdi ki, ilk neft-qaz sərgisi 1994-cü ildə
təşkil edildi. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq
neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi”
adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti
dəyişdirən sazişi imzaladı. Bunlar Prezident Heydər Əliyevin baxışı
sayəsində mümkün oldu. Bu reallıq xüsusi önə çəkildi ki, enerji
sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan Azərbaycan
çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət
ola bilməyəcək. Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur
ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman
Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli
ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa
çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000
faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı,
ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100
minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Təsəvvür
edirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə
yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz
iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir. Bu gün Azərbaycan
sabit siyasi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik
ölkədir.
Vüqar Rəhimzadə onu da qeyd edib ki, Ümummilli Lider Heydər
Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamı ilə hər il 20
sentyabr Azərbaycanda neftçilərin peşə bayramı – “Neftçilər Günü”
kimi qeyd olunur. Ölkə iqtisadiyyatının inkişafının əsası olan neft
strategiyasının uğurlu icrasında neftçilərimiz böyük fədakarlıqlar
göstərirlər. Onların zəhməti, əməyi daim dövlətimiz tərəfindən
yüksək dəyərləndirilir.
Millət vəkili günümüzün reallıqları fonunda bu ümumiləşdirməni
aparıb ki, hər bir ölkənin inkişafında lider və düşünülmüş siyasət
əsas faktordur. Möhkəm təməl daim davamlı uğurları qaçılmaz
edir.