
Bakı. Trend:
Belçika Krallığının Azərbaycandakı səfirliyinin təşkilatçılığı
ilə Bakıda Formula 1 dünyasının tanınmış simalarını, həmçinin iki
ölkənin biznes icmasının nümayəndələrini bir araya gətirmək
məqsədiıə tədbir. keçirilib.
Trend xəbər
verir ki, səfirlik yüksək performanslı idman növləri, texnoloji
innovasiyalar və dünya səviyyəli mühəndisliyə dair hər iki ölkənin
ortaq həyəcan və marağını qeyd etmək üçün belə bir tədbir təşkil
edib.
Tədbir F1 Paddock-un tam yaxınlığında baş tutub və F1-in yüksək
səviyyəli belçikalı simalarının avtoidman və yüksək texnologiya
sahəsində qazandıqları təcrübələrini bölüşəcəyi panel müzakirəsi
ilə davam edib.
Bu tədbir müvafiq sənaye liderləri, sahibkarlar və avtoidman
peşəkarları üçün unikal şəbəkələşmə imkanı yaradıb.
Bildirilib ki, Belçika Formula 1 dünyasında həm tarixi, həm də
texnoloji baxımdan xüsusi mövqeyə sahibdir.
F1 təqviminin ən çox rəğbət edilən traslarından biri olan
əfsanəvi Spa-Frankorşam trası Belçikanın dərin köklərə malik
avtoidman irsinin rəmzidir. Yarış əfsanəsi Jaki Iksdən başlamış,
daha sonrakı istedadlar Stoffel Vandorna qədər belçikalı pilotlar
da bu idmanda öz izlərini buraxıblar.
Yarışlardan kənarda isə Belçika istər qabaqcıl materiallar,
istər dəqiq mühəndislik, istərsə də dayanıqlı mobillik həlləri
vasitəsilə bu idmanın təkamülünə töhfə verən qabaqcıl şirkətlərin
və tədqiqat institutlarının vətənidir.
Aerodinamika, data analitikası və yüksək performanslı istehsalat
sahəsində belçikalı mütəxəssislərin bilik və bacarıqları Formula
1-i gücləndirən innovasiya ekosistemində mühüm rol oynayır və
ölkəni bu idmanın qlobal tamaşasının səhnəarxasındakı sakit, lakin
güclü bir qüvvəyə çevirir.