Bu avtomobilləri almayın –

Baş səhifə

Avtomobil bazarında bəzən 20 ilə yaxın yaşı olan maşınların çox ucuz qiymətə satışa çıxarıldığını görmək mümkündür. Maraqlıdır, belə avtomobilləri alanlar sonradan hansı problemlərlə üzləşə bilərlər?

Avtomobil ustası Sahil Ağabəyli Metbuat.az-a açıqlamasında bildirib ki, 20 ildən artıq yaşı olan avtomobillər artıq alqı-satqıda öz təsirini göstərir:

“Çin avtomobilləri bazarımıza daxil olandan sonra 15 ildən artıq yaşı olan avtomobillərin qiyməti xeyli aşağı düşüb. Çünki alıcılar həmin qiymətə köhnə maşın almaqdansa, yeni Çin avtomobillərinə üstünlük verirlər. Buna baxmayaraq, 15-20 il əvvəl istehsal olunan elə marka və modellər var ki, bu gün də yeni Çin avtomobilləri ilə müqayisədə daha dəyərlidir. Çünki həmin avtomobillər dözümlü, qənaətcil və etibarlıdır. Bazarda köhnə, amma keyfiyyətli avtomobillər də var ki, onların istismar müddəti hələ davam edir. Lakin nəzərə almaq lazımdır ki, bütün dünyada olduğu kimi, istismar müddətini başa vuran avtomobillər utilizasiyaya verilir”.

S.Ağabəylinin fikrincə, alıcılar imkan daxilində ili daha yeni olan avtomobillərə üstünlük verməlidirlər:

“Bu, yalnız sıfır kilometr avtomobillər demək deyil – 3, 5, 7, 10 ilədək yaşı olan, amma yaxşı vəziyyətdə olan avtomobillər də seçim kimi dəyərlidir. Çünki çox köhnə avtomobillərin kuzov dəmiri, ehtiyat hissələrinin keyfiyyəti zəifləyir və onlar yavaş-yavaş sıradan çıxmağa başlayır. Yeni avtomobillərdə isə həm təhlükəsizlik, həm də komfort əvvəlki nəsil maşınlara nisbətən daha yüksək səviyyədədir”.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.