2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunması milli şüurun, dövlətçilik fəlsəfəsinin və tarixi yaddaşın möhkəmləndirilməsidir – Azər Qarayev

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan
olunması təsadüfi deyil. Bu qərar həm müasir Azərbaycan
dövlətçiliyinin ən mühüm təməl dəyərlərinə – Konstitusiyaya və
suverenliyə – verilən yüksək qiymətin, həm də ölkənin keçdiyi
tarixi yolun dərin siyasi təhlilinin nəticəsidir. Prezident İlham
Əliyevin təşəbbüsü ilə elan olunan bu il, əslində, yalnız hüquqi və
ya siyasi tədbirlərin məcmusu deyil, milli şüurun, dövlətçilik
fəlsəfəsinin və tarixi yaddaşın daha da möhkəmləndirilməsi
baxımından strateji əhəmiyyət daşıyır.

Bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşısında
dayanan əsas vəzifələrdən biri dövlətin hüquqi əsaslarının
formalaşdırılması, müstəqilliyin beynəlxalq aləmdə tanınması və ən
əsası, suverenliyin qorunması idi. Bu hədəflərə çatmaq üçün ilk
növbədə ölkənin əsas qanunu – Konstitusiyanın qəbul olunması zəruri
idi. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının
Konstitusiyası dövlətin siyasi, iqtisadi və hüquqi inkişaf
istiqamətlərini müəyyən etməklə yanaşı, vətəndaşların fundamental
hüquq və azadlıqlarını da təmin etdi.

Eyni zamanda, suverenlik anlayışı yalnız müstəqilliyin elan
olunması ilə məhdudlaşmır. Bu, həm də ölkənin bütün ərazilərində öz
iradəsini sərbəst şəkildə həyata keçirməsi, daxili və xarici
siyasətində tam müstəqilliyini qoruması, beynəlxalq münasibətlərdə
bərabərhüquqlu subyekt kimi çıxış etməsi deməkdir. Azərbaycan
1990-cı illərin ağır sınaqlarından keçərək, Ümummilli lider Heydər
Əliyevin siyasi iradəsi və Prezident İlham Əliyevin müdrik
dövlətçilik strategiyası nəticəsində bu suverenliyi real məzmunda
təmin edə bildi. 2020-ci ildəki 44 günlük Vətən müharibəsi isə bu
prosesin ən parlaq nəticəsi olaraq tarixə düşdü”, – o bildirib.

A.Qarayev qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” həm
dövlətçilik ənənələrimizin təbliği, həm də gələcək nəsillərə
ötürülməsi baxımından mühüm siyasi mesajdır.

“Bu il ərzində görülən tədbirlər, keçirilən konfranslar, ictimai
müzakirələr və hüquqi islahatlar, Azərbaycanın dövlətçilik
tarixinin yeni bir mərhələsinin möhkəmləndirilməsinə xidmət edir.
Əslində, bu təşəbbüs təkcə hüquqşünaslar və siyasətçilər üçün
deyil, cəmiyyətin bütün təbəqələri üçün önəmlidir. Çünki
Konstitusiya və suverenlik – yalnız hüquqi anlayış deyil, həm də
milli kimliyin, vətəndaşlıq şüurunun və dövlətə sədaqətin
rəmzidir.

Azərbaycan xalqı tarix boyu müxtəlif imperiyaların tərkibində
yaşasa da, daim müstəqillik ideyalarını qoruyub saxlayıb. XX əsrin
əvvəllərində – 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti
müsəlman Şərqində ilk demokratik respublika olaraq tarixdə xüsusi
yer tutur. Lakin cəmi 23 ay mövcud olan Cümhuriyyət işğal
nəticəsində süqut etsə də, onun yaratdığı siyasi ənənələr sonrakı
dövrlərdə Azərbaycan xalqının müstəqillik arzularını gücləndirdi”,
– o bildirib.

Onun sözlərinə görə, 1991-ci ildə dövlət müstəqilliyinin bərpası
Azərbaycan üçün böyük bir tarixi hadisə idi.

“Lakin ilk illərdə ölkənin qarşısında çoxsaylı problemlər
dayanırdı: siyasi qeyri-sabitlik, iqtisadi böhran, torpaqların
işğalı, separatçılıq təhlükəsi və xarici müdaxilələr. Belə mürəkkəb
şəraitdə dövlətin hüquqi əsaslarını möhkəmləndirmək, vətəndaşların
hüquqlarını qorumaq və milli birliyi təmin etmək üçün sabit
konstitusion bazaya ehtiyac duyulurdu.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən
Azərbaycan Respublikasının Konstitusiyası ölkənin dövlətçilik
tarixində dönüş nöqtəsi oldu. Bu sənəd müstəqil Azərbaycanın ilk
Konstitusiyası kimi yalnız qanunvericilik bazasını deyil, həm də
dövlətin siyasi-fəlsəfi əsaslarını müəyyənləşdirdi. Konstitusiyada
dövlətin demokratik, hüquqi və dünyəvi xarakteri təsbit edildi. Bu,
müasir dövlətçilik ənənələrinin möhkəmlənməsi üçün fundamental
addım idi.

Eyni zamanda, Konstitusiyada insan və vətəndaş hüquq və
azadlıqları geniş şəkildə öz əksini tapdı. Fikir, söz və mətbuat
azadlığı, mülkiyyət hüququ, sosial təminat, təhsil və səhiyyə
hüquqları dövlətin təminat verdiyi əsas dəyərlər kimi
müəyyənləşdirildi. Bununla Azərbaycan özünü beynəlxalq hüquqi
standartlara uyğun demokratik dövlət kimi təqdim etdi”, – A.Qarayev
bildirib.

Politoloq vurğulayıb ki, Azərbaycan Konstitusiyası yalnız hüquqi
sənəd deyil, həm də milli birliyin, dövlətçilik ideyasının
daşıyıcısıdır.

“Bu sənəd vətəndaşları dövlətə bağlayan əsas körpüdür. Xüsusilə
də gənc nəsillər üçün Konstitusiyanın öyrənilməsi və dövlətçilik
dəyərlərinin mənimsənilməsi milli kimliyin formalaşmasında mühüm
rol oynayır. Konstitusiyanın qəbulundan ötən illərdə Azərbaycan
dövlətçiliyi böyük inkişaf yolu keçib. Dövlət idarəçiliyi sistemi
möhkəmlənib, iqtisadiyyat sürətlə artıb, beynəlxalq əlaqələr
genişlənib. Bütün bu uğurların təməlində hüquqi dövlət
prinsiplərinə sadiqlik dayanır. Suverenlik isə dövlətin
müstəqilliyini, daxili və xarici siyasətində tam sərbəstliyini
ifadə edən fundamental anlayışdır. Bu anlayış həm hüquqi, həm də
siyasi məzmun daşıyır. Hüquqi baxımdan suverenlik – dövlətin
qanunvericilik, idarəetmə və məhkəmə səlahiyyətlərinin yalnız özünə
məxsus olması deməkdir. Siyasi baxımdan isə bu, xalqın öz iradəsini
sərbəst şəkildə həyata keçirməsi, dövlətin isə həmin iradəni
qorumaq və təmin etmək öhdəliyini daşımasıdır. Azərbaycan üçün
suverenlik sadəcə dövlətçilik kateqoriyası deyil, həm də milli
kimliyin ayrılmaz hissəsidir. Çünki xalqımız əsrlər boyu
müstəqillik uğrunda mübarizə aparıb, imperiyaların təzyiqlərinə
qarşı müqavimət göstərib, tarixi yaddaşında azadlıq ideyasını
qoruyub saxlayıb”, – o bildirib.

Politoloq qeyd edib ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş
“Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” Azərbaycanın
müasir tarixində dönüş nöqtəsi oldu. Bu sənədlə Azərbaycan xalqı
bir daha suverenliyini bərpa etdiyini elan etdi. Lakin
müstəqilliyin ilk illərində suverenliyin məzmununu tam həyata
keçirmək mümkün olmadı.

“Ölkədə siyasi hakimiyyət uğrunda mübarizə, iqtisadi böhran və
vətəndaş qarşıdurması dövlətin mövcudluğunu belə sual altına
qoymuşdu. Üstəlik, Ermənistanın işğalçılıq siyasəti nəticəsində
torpaqların 20 faizi işğal altına düşmüş, bir milyondan çox insan
qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Bu dövrdə Azərbaycan
müstəqil dövlət kimi mövcud olsa da, faktiki olaraq suverenliyi
zəif idi.

Məhz belə ağır şəraitdə 1993-cü ildə xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə siyasi sabitliyi
bərpa etməklə yanaşı, suveren dövlətçiliyin əsaslarını
möhkəmləndirdi. Onun həyata keçirdiyi balanslaşdırılmış xarici
siyasət, güclü ordu quruculuğu və hüquqi dövlətin əsaslarının
formalaşdırılması Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə
imkan verdi”, – o bildirib.

A.Qarayev vurğulayıb ki, 2003-cü ildən etibarən Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan suverenliyini yalnız qorumaqla
kifayətlənmədi, həm də onun real məzmununu zənginləşdirdi.

“Bir neçə istiqamətdə mühüm addımlar atıldı. Azərbaycanın enerji
resurslarının dünya bazarlarına çıxarılması, böyük infrastruktur
layihələrinin reallaşdırılması, qeyri-neft sektorunun inkişafı
ölkənin iqtisadi suverenliyini möhkəmləndirdi. Artıq Azərbaycan heç
bir xarici maliyyə mərkəzindən asılı olmayan güclü iqtisadiyyata
sahib oldu. Eyni zamanda, Azərbaycan beynəlxalq münasibətlərdə
balanslaşdırılmış siyasət yürüdərək, öz milli maraqlarını prioritet
kimi qorudu. Heç bir qlobal gücün təzyiqi qarşısında güzəştə
getməyən Azərbaycan diplomatiyası, dövlətin real siyasi
suverenliyini təmin etdi. Bundan əlavə, 2000-ci illərdə həyata
keçirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan regionun
ən güclü ordularından birinə çevrildi. Bu, gələcəkdə ərazi
bütövlüyünün bərpası üçün mühüm zəmin yaratdı.

Azərbaycan tarixində suverenlik anlayışını ən dolğun şəkildə
təsdiq edən hadisə 2020-ci il Vətən müharibəsi oldu. 44 gün davam
edən müharibə nəticəsində Azərbaycan torpaqlarının böyük hissəsini
işğaldan azad etdi. Bu, sadəcə ərazi bütövlüyünün bərpası deyil,
həm də milli suverenliyin real məzmunda həyata keçirilməsi idi.
Müharibənin nəticəsi göstərdi ki, dövlət yalnız beynəlxalq hüquqa
istinad etmir, həm də öz gücünə arxalanaraq haqqını təmin edə
bilir. Əslində, bu qələbə suverenliyin siyasi, hüquqi və hərbi
təzahürlərinin sintezini ortaya qoydu. 2023-cü ildə antiterror
tədbirləri nəticəsində Azərbaycanın konstitusion quruluşu bütün
ərazilərdə bərpa edildi. Bununla da dövlət öz suverenliyini tam
şəkildə təmin etdi və milli tarixində yeni bir mərhələyə qədəm
qoydu.

Azərbaycan dövlətçiliyində suverenliyin möhkəmlənməsi yalnız
siyasi və hərbi müstəvidə deyil, ideoloji sahədə də həyata
keçirildi. Prezident İlham Əliyevin “Azərbaycanın müstəqilliyi
əbədidir, dönməzdir, sarsılmazdır” sözlələri milli dövlətçilik
fəlsəfəsinin əsas sütununa çevrildi. Bu ideya, əslində, cəmiyyətin
bütün təbəqələrinə ünvanlanmış siyasi mesajdır. Dövlətin
müstəqilliyini qorumaq yalnız hakimiyyətin deyil, bütün xalqın
vəzifəsidir. Ona görə də məktəblərdə, ali təhsil müəssisələrində,
media və ictimai institutlarda suverenlik ideyalarının təbliği
xüsusi əhəmiyyət kəsb edir”, – politoloq bildirib.

Onun sözlərinə görə, “Konstitusiya və Suverenlik İli”nin elan
olunmasının birinci və ən mühüm dayağı hüquqi aspektdir. Azərbaycan
Respublikasının Konstitusiyası dövlətin ali hüquqi sənədi kimi
suverenliyin təminatçısıdır. Onun əsas maddələrində dövlət
müstəqilliyinin, ərazi bütövlüyünün və dövlət quruluşunun
dəyişməzliyi təsbit olunub. Konstitusiyaya əsasən, dövlət
hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu prinsip
suverenliyin mahiyyətini əks etdirir: xalq öz iradəsini sərbəst
şəkildə ifadə edir və dövlət bu iradənin həyata keçirilməsinin
mexanizmidir.

“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Konstitusiya və
hüquqi islahatlar ölkənin dövlətçilik inkişafında sabitlik amilinə
çevrildi. Dövlətin idarəetmə sistemi, vətəndaşların hüquq və
azadlıqları, hakimiyyət bölgüsü prinsipi və qanunun aliliyi məhz
konstitusion hüquq normaları üzərində quruldu. Bu il çərçivəsində
keçirilən tədbirlər, hüquqi konfranslar və akademik müzakirələr həm
Konstitusiyanın nəzəri əsaslarının dərinləşdirilməsinə, həm də onun
tətbiq mexanizmlərinin təkmilləşdirilməsinə yönəlib. Bu, hüquqi
dövlət prinsipinin praktikada daha da möhkəmlənməsinə imkan
verir.

Bu ilin ən mühüm nəticələrindən biri də milli həmrəyliyin daha
da güclənməsidir. Konstitusiya dövlətin hüquqi çərçivəsini
müəyyənləşdirirsə, suverenlik onun siyasi məzmununu təmin edir. Bu
iki anlayışın sintezi dövlətin davamlı inkişafı üçün möhkəm baza
yaradır. Məhz buna görə “Konstitusiya və Suverenlik İli” ölkədə
siyasi sabitliyin möhkəmlənməsinə, dövlət və cəmiyyət
münasibətlərinin daha sağlam əsaslarda qurulmasına xidmət edir. Bu
həm də Azərbaycanın gələcək inkişafında dayanıqlı milli konsensusun
yaranmasına imkan verir”, – o bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycanın müasir tarixində ən böyük
dönüş nöqtələrindən biri 2020-ci ilin Vətən müharibəsi və onun
nəticəsində əldə edilən tarixi Qarabağ Zəfəridir.

“Bu qələbə təkcə işğal altındakı torpaqların azad olunması ilə
məhdudlaşmadı. O, eyni zamanda Azərbaycanın konstitusion
suverenliyinin tam bərpa olunması, dövlətçilik prinsiplərinin
gücləndirilməsi və beynəlxalq hüququn gerçəkliyə çevrilməsi
baxımından strateji əhəmiyyət daşıdı.

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın işğalı
nəticəsində Azərbaycanın ərazi bütövlüyü və konstitusion hüquqları
kobud şəkildə pozulmuşdu. Bu, təkcə torpaqların fiziki işğalı
deyildi, həm də Azərbaycanın konstitusiyasına əsaslanan dövlət
suverenliyi uzun illər ərzində qismən məhdudlaşdırılmış vəziyyətdə
idi. 44 günlük müharibə nəticəsində Azərbaycanın bu hüquqları bərpa
olundu və dövlət öz konstitusion prinsiplərini faktiki olaraq bütün
ölkə ərazisində tətbiq etmək imkanına qovuşdu.

Qarabağ Zəfərindən sonra Azərbaycan qarşısında dayanan əsas
məsələlərdən biri azad edilmiş ərazilərdə dövlət suverenliyinin
bərqərar olunması idi. Bu, yalnız hərbi-siyasi deyil, həm də hüquqi
proses idi. Azad edilmiş torpaqlarda Azərbaycan Konstitusiyasının
müddəalarının tətbiqi, dövlət idarəetmə institutlarının qurulması
və vətəndaş hüquqlarının təmin olunması dövlət siyasətinin
prioritetinə çevrildi. Ən mühüm addımlardan biri həmin ərazilərdə
dövlət qurumlarının yaradılması, bələdiyyə idarəçiliyi, polis,
prokurorluq, məhkəmə və digər konstitusion təsisatların fəaliyyətə
başlaması oldu. Bu proses dövlətin ərazi bütövlüyünün yalnız kağız
üzərində deyil, praktik müstəvidə də bərpa olunduğunu göstərdi”, –
o bildirib.

Politoloq həmçinin qeyd edib ki, Qarabağ Zəfəri eyni zamanda
beynəlxalq hüququn əsas prinsiplərinin təsdiqi idi.Azərbaycan BMT
Nizamnaməsində, ATƏT-in qərarlarında və digər beynəlxalq sənədlərdə
təsbit olunmuş ərazi bütövlüyü prinsipini öz gücü ilə həyata
keçirdi. Bu, ölkənin beynəlxalq arenada mövqelərini gücləndirdi və
hüquqi əsaslara söykənən suverenlik modelini möhkəmləndirdi.

“Postmüharibə dövründə aparılan sülh danışıqları da Azərbaycanın
suverenlik hüquqlarını əsas götürür.Regionda sülh yalnız qarşılıqlı
olaraq dövlətlərin ərazi bütövlüyünün tanınması ilə mümkündür.
Ermənistanın konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi
iddialarının yer alması sülh prosesinin ən böyük maneələrindən biri
kimi qalır. Bununla yanaşı, Azərbaycanın prinsipial mövqeyi sülh
gündəliyini reallığa çevirməyə xidmət edir.

Azad edilmiş ərazilərin bərpası və dirçəldilməsi Azərbaycanın
dövlət suverenliyinin ən bariz ifadələrindən biridir. Burada həyata
keçirilən “Böyük Qayıdış” proqramı yalnız infrastruktur və yaşayış
məntiqi ilə məhdudlaşmır. Bu, həm də Azərbaycan Konstitusiyasının
vətəndaşların doğma torpaqlarında yaşamaq hüququnu təmin etmək
öhdəliyinin gerçəkləşməsidir. Bərpa prosesi həm siyasi, həm
iqtisadi, həm də hüquqi müstəvidə böyük əhəmiyyət daşıyır. Qarabağa
qayıdan hər bir vətəndaş faktiki olaraq konstitusion hüquqlarından
tam istifadə etmək imkanı əldə edir.

Qarabağ Zəfəri həm də Azərbaycanın geosiyasi statusunu
gücləndirdi. Regionda yaranmış yeni reallıq ölkəni həm regional,
həm də qlobal proseslərdə daha fəal və təsirli aktora çevirdi. Bu,
dövlətin suveren hüquqlarını möhkəmləndirməklə yanaşı, onun
beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi qəbul olunmasına da
zəmin yaratdı”, – o bildirib.

Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemində
dövlətlərin suverenliyi yalnız daxili idarəçiliklə deyil, həm də
qlobal siyasətdə sərgilədikləri müstəqil mövqelə ölçülür.
Azərbaycanın son illərdə beynəlxalq aləmdə tutduğu xətt onun
konstitusion prinsiplərə sadiqliyinin və suverenlik siyasətinin
bariz nümunəsidir.

“Azərbaycanın xarici siyasət kursu çoxvektorlu yanaşma üzərində
qurulub. Ölkə həm region dövlətləri, həm də qlobal güc mərkəzləri
ilə əməkdaşlıq edir, balanslı və çevik diplomatiya yürüdür. Bu
siyasət Azərbaycanın hər hansı hərbi-siyasi blokdan asılı olmadan,
milli maraqlara uyğun qərarlar qəbul etməsinə şərait yaradır.
Azərbaycan Avropa İttifaqı ilə enerji əməkdaşlığını gücləndirərkən,
eyni zamanda Çinlə “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində
strateji layihələrə qoşulur. Türkiyə ilə müttəfiqlik, Rusiya ilə
tərəfdaşlıq, ABŞ-la əməkdaşlıq, İslam dünyasında lider mövqe –
bütün bunlar ölkənin çoxşaxəli diplomatiyasının
göstəriciləridir.

Azərbaycanın müstəqil mövqeyinin ən parlaq nümunələrindən biri
Qoşulmama Hərəkatındakı (QH) fəaliyyətdir. 2019–2023-cü illərdə bu
təşkilata sədrlik edən Azərbaycan inkişaf etməkdə olan ölkələrin
sözçüsünə çevrildi. Xüsusilə COVID-19 pandemiyası dövründə ölkənin
göstərdiyi humanitar və diplomatik təşəbbüslər beynəlxalq aləmdə
böyük rəğbət qazandı. QH-də liderlik Azərbaycanın qlobal arenada
bloklara qoşulmadan, tam müstəqil siyasət aparmaq imkanlarının
güclü olduğunu nümayiş etdirdi. Bu, konstitusiyada təsbit olunmuş
dövlət müstəqilliyi prinsipinin beynəlxalq müstəvidə
gerçəkləşməsidir.

Bundan əlavə, Azərbaycanın enerji siyasəti təkcə iqtisadi deyil,
həm də siyasi suverenliyin əsas alətlərindən biridir.
Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, TAP və TANAP kimi layihələr
ölkəni Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısına
çevirib. Bu layihələr Azərbaycanın qlobal enerji xəritəsində önəmli
mövqeyini gücləndirir, həm də ölkəyə beynəlxalq münasibətlərdə
əlavə manevr imkanları yaradır. Azərbaycanın enerji diplomatiyası
sayəsində Avropa İttifaqı ölkəsi olmayan, lakin Avropa enerji
bazarında həlledici rol oynayan aktora çevrilməsi suveren siyasətin
təzahürüdür”, – o bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycan regionda da sülh və
əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir. Şuşa Bəyannaməsi ilə
Türkiyə ilə müttəfiqlik münasibətlərinin yeni mərhələyə qalxması,
Türk Dövlətləri Təşkilatında aparıcı rol, Xəzər dənizinin hüquqi
statusu ilə bağlı konvensiyanın imzalanmasında fəal iştirak – bütün
bunlar Azərbaycanın regional aktor kimi müstəqil mövqeyini
təsdiqləyir. Eyni zamanda Azərbaycan zaman-zaman beynəlxalq
vasitəçilik təşəbbüsləri ilə çıxış edərək qlobal sülhün
möhkəmlənməsinə töhfə verir. Bu, ölkənin yalnız milli maraqlarla
kifayətlənmədiyini, həm də beynəlxalq öhdəliklərini məsuliyyətlə
yerinə yetirdiyini göstərir.

“Azərbaycanın qlobal siyasətdə tutduğu mövqenin ən mühüm cəhəti
beynəlxalq hüquqa sadiqlikdir. Ölkə daim dövlətlərin suverenliyi,
ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini müdafiə
edir. Bu prinsipial mövqe Azərbaycanın həm regionda, həm də qlobal
müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunmasına səbəb olur.

Azərbaycan müstəqillik dövründə mürəkkəb sınaqlardan keçərək
özünün dövlətçilik modelini formalaşdırıb. Bu modelin əsas
dayaqları Konstitusiya və suverenlik prinsipləridir. 2024-cü ilin
ölkədə “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi
simvolizm daşıyır – Azərbaycan artıq öz suverenliyini tam təmin
etmiş, konstitusion prinsiplərini bütün ərazilərində həyata keçirə
bilən, güclü, müstəqil və nüfuzlu dövlətə çevrilib.

“Konstitusiya və Suverenlik İli” sadəcə yubiley xarakteri
daşımır; o, həm də gələcək inkişafın strateji istiqamətlərini
müəyyənləşdirir. Azərbaycan qarşıdakı dövrdə iqtisadi
şaxələndirməni gücləndirəcək, vətəndaşların sosial rifahını
artıracaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək. Bu isə
yalnız güclü hüquqi baza və suveren siyasət kursu əsasında
mümkündür”, – politoloq əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir