
Bakı. Trend:
18 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov Avropa Komissiyasının ölkəmizdə
səfərdə olan genişlənmə üzrə komissarı Marta Kos ilə görüşüb.
XİN-dən Trend-ə bildirilib
ki, görüşdə Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında mövcud
əməkdaşlıq gündəliyində duran məsələlər və planlar müzakirə
olunub.
Azərbaycan və Aİ arasında əməkdaşlığın inkişafı üçün xüsusi
əhəmiyyət kəsb edən hazırkı dövrdə münasibətlərin
gücləndirilməsində liderlərarası təmasların əhəmiyyəti qeyd
edilib.
Xüsusilə, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, habelə
bərpaolunan enerji sahələri üzrə əməkdaşlığın daha da
genişləndirilməsinin vacibliyi vurğulanıb. Bununla yanaşı, ətraf
mühit və iqlim dəyişmələri ilə mübarizə istiqamətində
Azərbaycanla-Aİ əməkdaşlığının əhəmiyyəti qeyd olunub.
Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə
dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı
məlumatlandırıb.
Ötən ay Vaşinqton şəhərində baş tutmuş tarixi görüş zamanı əldə
olunmuş razılıqlardan xüsusi məmnunluq ifadə olunub. Regional
normallaşma və sülh prosesinin təşəbbüskarı olan ölkəmizin bundan
sonra da sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini
davam etdirəcəyi diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli
və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.