
Bakı. Trend:
Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal
xarakterli antiterror tədbirlərindən iki il ötür. 2023-cü ilin
19-20 sentyabr tarixlərində həyata keçirilən və cəmi 23 saat çəkən
bu hərbi əməliyyatla tarixi torpaqlarımız olan Qarabağdakı erməni
separatçılığına birdəfəlik son qoyuldu, bütün ərazilərimiz üzərində
dövlətimizin milli suverenliyi təmin olundu. Bu tarixi hadisə ilə
möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə Vətən müharibəsindən sonra Azərbaycanın dövlətçilik
və müasir müstəqillik salnaməsinin növbəti şərəfli səhifəsi
yazıldı.
Məlum olduğu kimi 2020-ci ilin 10 noyabrında imzalanmış
kapitulyasiya aktından sonra Ermənistan silahlı qüvvələrinin
birləşmələri Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri
Azərbaycanın Qarabağ bölgəsini tərk etməli, qeyri-qanuni erməni
silahlı dəstələri isə tərksilah olunmalı idi. Lakin Ermənistan
öhdəliklərini yerinə yetirməkdən yayındı. Azərbaycanın sülh
çağırışlarının əvəzində isə Qarabağdakı qanunsuz silahlı dəstələr
ərazilərimizi minalayır, hərbçilərimizə və mülki vətəndaşlarımıza
qarşı təxribatlar həyata keçirirdilər. Azərbaycan ərazilərində
dövlət qurmaq xülyasında olan separatçılar özlərinin oyuncaq
“prezident”lərini seçir, qondarma “parlament”ləri adından
Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. Hətta 2023-cü
il sentyabrın 2-də Nikol Paşinyan qondarma “Dağlıq Qarabağın
müstəqillik bəyannaməsi”nin “ildönümü” ilə əlaqədar separatçılara
təbrik müraciəti ünvanlamışdı.
Ermənistan tərəfinin təxribatları bunlarla bitmirdi. Qeyd
olunanlarla yanaşı, Qarabağın təbii və mineral sərvətləri separatçı
rejimin ünsürləri tərəfindən talan edilərək Ermənistana daşınır,
təbiətimizə zərər vurulurdu.
Prezident İlham Əliyev 2023-cü ilin sentyabrına qədər bir neçə
dəfə Qarabağdakı cinayətkar rejimlə bağlı sərt xəbərdarlıqlarını
etmişdi. 2023-cü ilin may ayında dövlətimizin başçısı Laçından bir
daha xəbərdarlığını edərək demişdi:
«Laçın diyarından onlara bir daha deyirəm ki, sizin
kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı
bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə
biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan
yerə. Ona görə, yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe
olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası
saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, “parlament”i
buraxmaq. Guya orada “parlament” fəaliyyət göstərir, guya orada
prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz,
sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu
gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız
var».
Prezident İlham Əliyevin etdiyi xəbərdarlıqlardan nə Ermənisitan
rəhbərliyi, nə də separatçılar nəticə çıxardılar. Lakin xalqımız
əmin idi ki, qətiyyətli və müdrik siyasəti ilə Vətən müharibəsində
düşmənin başını «dəmir yumruqla» əzən Müzəffər Ali Baş Komandan 44
günlük savaşdakı məğlubiyyətdən dərs almayan və Azərbaycanı
hədələyən erməni separatizminə də son qoyacaq. Bu gün tarixə
ekskurs edəndə, 2023-cü ilin sentyabr ayına qədər baş verənləri
təhlil edəndə görürük ki, Prezident İlham Əliyev təmkinlə,
siyasi-diplomatik uzaqgörənliklə respublikamızı uğurla bu məqsədə
doğru aparıb.
Xatırladaq ki, hələ 2022-ci ilin dekabr ayından başlanan ekoloji
fəalların aksiyaları Laçın-Xankəndi yolu ilə Qarabağa qanunsuz
silah-sursatın gətirilməsinin, Qarabağdan talan olunan sərvətlərin
Ermənistana daşınmasının qarşısını almış və bununla da,
separatçıların əl-ayağı bağlanmışdı. 2023-cü il aprel ayının 23-də
Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılması isə Prezident
İlham Əliyevin Azərbaycanın milli maraqları uğrunda həyata
keçirdiyi qətiyyətli və uzaqgörən siyasətin növbəti təntənəsi idi.
Bu hadisə bir daha göstərdi ki, Prezident İlham Əliyev Azərbaycanın
milli maraq və mənafelərinin qorunması və təmin edilməsi
istiqamətində dəqiq, uzaqgörən və müdrik strateji siyasi kurs
müəyyən edib. Hansı ki, bu kurs Vətən müharibəsindən əvvəl və ondan
sonrakı dövrlərdə respublikamızın bütün strateji hədəf və
məqsədlərinə çatmasını təmin edib və bu gün də etməkdədir.
Erməni separatçıları tərəfindən mülki vətəndaşlarımıza və
hərbçilərimizə qarşı ardıcıl şəkildə həyata keçirilən təxribatların
davam etdirilməsi, 2023-cü il sentyabrın 19-da isə 6 vətəndaşımızın
ölümünə səbəb olan iki terror aktının törədilməsi onlara qarşı
lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi ilə
bağlı qərarın qəbul edilməsinə səbəb oldu. Qarabağdakı qondarma və
separatçı rejimin zərərsizləşdirilməsi, bu ərazidəki Ermənistan
silahlı qüvvələrinin qalıqlarının tərksilah olunması və
Azərbaycanın Konstitusiya quruluşunun bərqərar edilməsi məqsədilə
2023-cü il sentyabrın 19-da başlanan bu əməliyyat cəmi 23 saat
davam etdi. Bu qısa dövr ərzində baş verən döyüşlər Azərbaycan
Ordusunun gücünü, modern hərbi imkanlara sahib olmasını bir daha
nümayiş etdirdi.
Antiterror tədbirləri Azərbaycan dövlətinin növbəti zəfəri, hərb
tariximizin parlaq və qürurdoğuran səhifələrindən biridir. Lakin
Azərbaycan dövləti həmin vaxt sadəcə Qarabağdakı erməni
separatizmini və Ermənistan ordusunun bölmələrini məhv etmədi.
Azərbaycan dövləti həm də torpaqlarımızda ikinci erməni dövlətinin
yaradılması üçün dəridən-qabıqdan çıxan Fransa kimi Qərb siyasi
mərkəzlərinə qalib gəldi. Bütün dünya bir daha Azərbaycan
dövlətinin gücünə, cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin yürütdüyü qətiyyətli siyasətə şahidlik etdi.
İki il əvvələ qədər torpaqlarımızda «Artsax» adlı qondarma
respublika qurduqlarını iddia edən, ölkəmizi hədələyən və təhdid
edən, hərbçilərimizə, mülki vətəndaşlarımıza qarşı təxribatlar
törədən separatçılar isə tutularaq Bakıya gətirildilər. Onlar
dövlətimizə və xalqımıza qarşı törətdikləri əməllərə görə bu gün
Azərbaycan məhkəməsi qarşısında cavab verirlər. Bu baxımdan
antiterror tədbirləri bir daha göstərdi ki, Azərbaycanla təhdid
dilində danışmaq olmaz.
Qəhrəman ordumuzun qələbəsi ilə yekunlaşan antiterror
tədbirlərində Qarabağda erməni separatizminə son qoyulması ilə həm
də bütün torpaqlarımız üzərində Azərbaycan dövlətinin milli
suverenliyi, respublikamızın konstitusion hüquqları təmin edildi.
Ona görə antiterror tədbirləri Azərbaycan dövlətçiliyinin qürur
tarixi, xalqımızın fəxarət ünvanıdır. Dövlət və xalq məhz bu cür
hadisələr sayəsində ucalır, gələcəyinə gedən yolda nümunəvi, örnək
dolu tarix yaradır.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı