AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Niderland
Krallığında fəaliyyət göstərən Rebels.ai süni intellekt həlləri
şirkətinin təsisçisi, İspaniyanın Harbour Space Universitetinin
müəllimi Maksim Musin qonaq olub. Qonağı AzMİU-nun rektoru,
professor Gülçöhrə Məmmədova qəbul edib. Görüşdə universitet
rəhbərliyi, Mexanika və informasiya texnologiyaları fakültəsinin,
eləcə də İKT Mərkəzinin nümayəndələri də iştirak ediblər.

Görüş Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə
təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün
süni intellekt Strategiyası” ilə səsləşir. Strategiyada ali təhsil
müəssisələrinin üzərinə süni intellekt üzrə elmi-tədqiqatların
genişləndirilməsi, mütəxəssis hazırlığının gücləndirilməsi və
biliklərin əmək bazarına inteqrasiyası kimi vəzifələr qoyulub.
AzMİU-da həyata keçirilən rəqəmsallaşma, elektron universitet
sisteminin inkişafı və idarəetmədə innovativ texnologiyaların
tətbiqi istiqamətindəki fəaliyyət də bu hədəflərlə üst-üstə
düşür.

Görüşdə Maksim Musin təqdimatla çıxış edərək süni intellektin
tətbiq imkanları, üstünlükləri, yarana biləcək çağırışlar, həmçinin
aparıcı dünya universitetlərinin təcrübəsi barədə məlumat verib.
Daha sonra müzakirələr aparılıb, qonaq rektorun və universitet
nümayəndələrinin suallarını cavablandırıb.




Müzakirələr nəticəsində AzMİU-da süni intellektin elektron
universitet platformasına inteqrasiyası istiqamətində Rebels.ai
şirkətinin dəstəyi ilə müqayisəli təhlillərin aparılması və yol
xəritəsinin hazırlanması barədə razılıq əldə olunub.

Maksim Musin AzMİU-da elektron universitet quruculuğu
istiqamətində görülən işləri və mövcud maddi-texniki bazanı yüksək
qiymətləndirib, universitetdə süni intellektin tətbiqi üçün
əlverişli şəraitin olduğunu qeyd edib.

Rektor professor Gülçöhrə Məmmədova bildirib ki, universitet
süni intellekt strategiyasının reallaşdırılmasına öz töhfəsini
verməkdə qərarlıdır: “Hesab edirəm ki, süni intellektin tətbiqi
yalnız tədrisin keyfiyyətinə deyil, həm də idarəetmənin
şəffaflığına və effektivliyinə ciddi təsir göstərəcək. AzMİU bu
istiqamətdə ölkə üzrə nümunəvi ali məktəblərdən biri olmağı
qarşısına məqsəd qoyub”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir