
Bakı. Trend:
Azərbaycan Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresi
çərçivəsində təşkilatın iki əsas qərarverici orqanı – Administrativ
Şura və Poçt Əməliyyatları Şurasına üzv seçilib.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və
ÜPİ-nin ali orqanı sayılan bu Konqresdə Azərbaycan tarixdə ilk dəfə
eyni anda hər iki ali orqana üzvlük hüququ qazanıb.
Bu mühüm hadisə Azərbaycanın beynəlxalq poçt sistemində artan
nüfuzunun, texnoloji inkişafa verdiyi töhfənin və qurumlararası
əməkdaşlıqların nəticəsidir.
Azərbaycan bundan sonra ÜPİ-nin idarəçiliyində birbaşa iştirak
edəcək, təşkilatın strategiya, idarəetmə və büdcə məsələlərinə dair
qərarların qəbulunda söz sahibi olacaq. Bu, ölkəmizə qlobal poçt
sisteminin formalaşmasında və idarə edilməsində aktiv rol oynamaq
imkanı verir.
Ölkəmiz beynəlxalq poçt xidmətlərinin hüquqi və texniki
əsaslarını müəyyən edən “ÜPİ Konvensiyası” və digər normativ
sənədlərin hazırlanması və dəyişdirilməsi prosesində də iştirak
edəcək. Bu da poçt xidmətlərinin standartları, təhlükəsizlik
qaydaları və yeni rəqəmsal xidmətlərin formalaşmasında Azərbaycanın
mövqeyini ifadə etməyə şərait yaradacaq.
Eyni zamanda Azərbaycan ÜPİ-nin büdcəsinin təsdiq olunması və
icrasına nəzarətdə iştirak edəcək.
Azərbaycan beynəlxalq poçt və logistika sisteminə təsir göstərən
nüfuzlu bir oyunçu kimi tanınacaq, bu isə ölkəmizin digər
beynəlxalq danışıqlarda da mövqelərinin güclənməsinə töhfə
verəcək.
Bundan əlavə, ölkəmiz ÜPİ çərçivəsində öz təşəbbüslərini irəli
sürmək imkanına malik olacaq.
Azərbaycanın bu orqanlarda iştirakı 2025 – 2029-cu illəri əhatə
edən dördillik dövr üçün nəzərdə tutulub. Bu müddət ərzində ölkəmiz
təşkilat daxilində qəbul olunan bütün əsas qərarların müzakirəsində
və səsverməsində iştirak edəcək.
Beləliklə, bu üzvlük sadəcə nüfuzlu bir status deyil,
Azərbaycanın qlobal poçt sisteminin idarəçiliyində aktiv iştirakını
təmin edən mühüm bir platformadır. Bu həm də ölkənin logistika və
e-ticarət sahəsindəki milli maraqlarının beynəlxalq səviyyədə
müdafiəsi baxımından strateji əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycan Respublikası bundan əvvəl də ÜPİ-nin
ali orqanlarında təmsil olunub. İlk dəfə 2004-cü ildə Buxarestdə
keçirilən 23-cü Konqresdə Administrativ Şuraya, daha sonra 2008-ci
ildə Cenevrədə keçirilən 24-cü Konqresdə isə təşkilatın hər iki ali
orqanına – Administrativ və Poçt Əməliyyatları şuralarına üzv
seçilib. 2016-cı ildə İstanbulda keçirilən 26-cı Konqresdə isə
Azərbaycan yenidən Poçt Əməliyyatları Şurasına üzv olub.

