
Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf bankı (AYİB) ölkədə yaşıl
maliyyənin əlçatanlığının genişləndirilməsi məqsədilə Türkiyənin
“DenizBank”nın yaşıl istiqrazlarının buraxılmasına 100 milyon ABŞ
dolları (86,4 milyon avro) həcmində investisiya qoyub.
Bu barədə Trend
Avropa Yenidənqurma və İnkişaf bankına istinadən xəbər verir.
Qeyd olunur ki, istiqraz buraxılışının ümumi həcmi təxminən 270
milyon ABŞ dolları (233,2 milyon avro) təşkil edir və cəlb olunan
vəsaitlər özəl sektorda müvafiq ekoloji layihələrin
maliyyələşdirilməsinə yönəldiləcək. Buraya bərpa olunan enerji,
enerji səmərəliliyinin artırılması və ekoloji binaların tikintisi
ilə bağlı layihələr daxildir.
“Yaşıl istiqrazların buraxılışı “DenizBank”ın Dayanıqlı
Maliyyələşmə Strategiyası çərçivəsində həyata keçirilir və
Beynəlxalq Kapital Bazarı Assosiasiyası (ICMA) tərəfindən işlənib
hazırlanmış Yaşıl İstiqraz Prinsiplərinə uyğundur. Bu, bankın bu
qəbildən olan bir neçə istiqraz buraxılışından biridir və onların
ümumi həcmi müxtəlif tranşlarla birlikdə təxminən 350 milyon ABŞ
dolları (302,3 milyon avro) təşkil edir.
AYİB fəaliyyət göstərdiyi ölkələrdə innovativ yaşıl maliyyələşmə
alətlərini dəstəkləyir, ekoloji yönümlü maliyyəyə çıxış imkanlarını
genişləndirməyə və kapital bazarlarının inkişafına töhfə verməyə
çalışır”, -deyə məlumatda bildirilir.
Məlumata əsasən, AYİB-in “DenizBank” istiqraz buraxılışında
iştirakı Türkiyədə yaşıl istiqrazlar bazarının inkişafının
stimullaşdırılmasına və beynəlxalq kapitalın cəlbinə yönəlib.
Bundan əlavə, bu addım Türkiyə banklarının davamlı kredit
portfellərinin genişləndirilməsinə və onların innovativ yaşıl
maliyyə məhsullarını tətbiq etməsinə vasitəçilik etməlidir.
“AYİB Türkiyə iqtisadiyyatının əsas investorlarından biri olaraq
qalır: 2009-cu ildən bank əsasən özəl sektora olmaqla, 495 layihə
və ticarətin maliyyələşdirilməsi proqramı çərçivəsində 22 milyard
avrodan çox investisiya yatırıb”, – deyə AYİB məlumatında
vurğulanır.