AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi (FOTO)

Baş səhifə

Bakı. Trend:

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları”
(AZAL) donanmanın uzunmüddətli modernləşdirmə strategiyası
çərçivəsində yeni “Airbus A320neo” tipli sərnişin təyyarəsini hava
gəmiləri parkına əlavə edib.

Bu barədə Trend-ə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat
xidmətindən məlumat verilib.

Bildirilib ki, yeni təyyarə sərnişinlərin rahatlığını ən yüksək
səviyyədə təmin etməklə yanaşı, aviaşirkətin əməliyyat
səmərəliliyini artıracaq və ətraf mühitə təsirini azaldacaq.

Müasir salon və komfortlu uçuş

Yeni “Airbus A320neo” təyyarəsi sərnişinlərin rahatlığını təmin
edən müasir interyer və geniş imkanlarla təchiz olunub. Təyyarə
göyərtəsində xoş və komfortlu mühit yaradılaraq həm biznes, həm də
ekonom sinif sərnişinləri üçün rahat səyahət şəraiti təqdim olunur.
Uçuş zamanı sərnişinlər müxtəlif əyləncə imkanlarından istifadə
edə, vaxtlarını daha səmərəli keçirə bilərlər.

Yeni təyyarənin əsas üstünlüklərindən biri sürətli internet
xidmətidir. Biznes sinifi sərnişinləri və “AZAL Miles” proqramının
müəyyən statuslu üzvləri Wi-Fi xidmətindən pulsuz yararlana
biləcəklər.




Strateji addım

Yeni “Airbus A320neo” təyyarəsinin istifadəyə verilməsi AZAL
üçün mühüm mərhələdir. Bu təyyarələr əməliyyat xərclərinin
optimallaşdırılmasına, şirkətin regional bazardakı mövqelərinin
möhkəmlənməsinə və Bakının Avropa ilə Asiya arasında hava qovşağı
rolunun güclənməsinə xidmət edəcək.

“Təyyarə parkının modernləşdirilməsi strategiyamızın əsas
istiqamətlərindəndir. “Airbus A320neo” sərnişinlərimizə daha yüksək
rahatlıq və xidmət səviyyəsi təqdim etməklə yanaşı, reyslərimizin
ekoloji baxımdan daha səmərəli həyata keçirilməsinə şərait
yaradacaq,” – deyə AZAL QSC-nin prezidenti Samir Rzayev
bildirib.

Qeyd edək ki, təyyarə parkının modernləşdirilməsi proqramı
çərçivəsində AZAL oktyabr ayının əvvəlində daha bir yeni “Airbus
A320neo” təyyarəsini donanmasına əlavə edəcək. Ümumilikdə
aviaşirkət 2032-ci ilə qədər 30-dan çox yeni təyyarəni istismara
verməyi planlaşdırıb. Yeni təyyarənin gəlişinə həsr olunmuş
tədbirin videosuna baxmaq üçün linkə keçid edin.

AZAL nüfuzlu “Skytrax” təşkilatının “4 Ulduz” reytinqinə
sahibdir və dəfələrlə “World Airline Awards” nominasiyasında
“Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” mükafatına
layiq görülüb. IATA üzvü kimi şirkət marşrut şəbəkəsinin inkişafı,
rəqəmsal innovasiyalar və sərnişin rahatlığının artırılması üzrə
strategiya həyata keçirir. Aviaşirkət ICAO standartlarına cavab
verən müasir təyyarə parkı və genişlənən marşrut şəbəkəsi ilə
sərnişinlərə yüksək xidmət göstərir, ölkəmizin beynəlxalq aviasiya
məkanında mövqelərini möhkəmləndirir.

Dayanıqlı inkişaf AZAL strategiyasının əsas tərkib hissəsidir.
Aviaşirkət BMT-nin Qlobal Sazişinə qoşulub, ESG öhdəliklərini dərc
edir, həmçinin IATA-nın “CO₂ Connect” və “IEnvA” proqramlarında
iştirak edərək beynəlxalq aviasiyada etibarlı və məsuliyyətli
tərəfdaş kimi mövqeyini gücləndirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir