
Bakı. Trend:
2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun həyata
keçirdiyi antiterror əməliyyatı ölkəmizin milli təhlükəsizliyinin
qorunması və vətəndaşların sülh, əmin-amanlıq içində yaşamasının
təmin olunması baxımından mühüm tarixi əhəmiyyətə malikdir. Bu
əməliyyat, dövlətimizin suverenliyi və ərazi bütövlüyünün
pozulmasına yönələn terror təhdidlərinin qarşısının alınmasında
mühüm strateji addım kimi qiymətləndirilir.
Bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.
O bildirib ki, Azərbaycan regionda sabitliyin və təhlükəsizliyin
təmin olunması üçün kompleks tədbirlər həyata keçirir. 2023-cü ilin
antiterror əməliyyatı da bu strategiyanın ayrılmaz hissəsi kimi,
ölkəmizin milli təhlükəsizlik siyasətində yeni mərhələni təmsil
edir.
“Terrorizmin törətdiyi təhdidlər, xüsusilə işğal dövründə və
ondan sonrakı mərhələdə Azərbaycanın təhlükəsizliyinə ciddi
maneələr yaratmışdır. Bu əməliyyatla Azərbaycan Ordusu,
hüquq-mühafizə orqanları və xüsusi xidmətlər terrorçu qrupların və
qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətinə son qoymuş, onların
ölkə daxilində və sərhədlərdə yaratdığı riskləri effektiv şəkildə
neytrallaşdırmışdır.”
A.Qarayev qeyd edib ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli
Bəyanata zidd olaraq Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində
10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və
qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi.
“Halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni
yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan işğala
məruz qalan tərəf olsa da Qarabağda baş verən gərginliyin aradan
qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin
edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin
ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində
əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist
çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla,
yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət
o həddə çatmışdı ki Qarabağda separatçılar müstəqillik
iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir,
qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə
bəyanatlar verirdilər.”
Politoloq bildirib ki, İkinci Qarabağ müharibəsindən dərhal
sonra ölkəmiz haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan
rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə
müraciət edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrinin
Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son
qoyulmalıdır.
“Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh
üçün çağırışlar etsə də Ermənistan tərəfi hər dəfə danışıqlardan
boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə
silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və
Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır.
Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı
toqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabrında sərhəddə
birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra ən
qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir.
2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən
Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni
silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və
may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan
Ordusunun mövqeləri atəşə tutulmuşdu.”
A.Qarayev qeyd edib ki, aparılmış qısamüddətli lokal xarakterli
antiterror əməliyyatı nəticəsində, düşmənin silah və texnikalarının
böyük hissəsi sıradan çıxarılmışdır.
“Separatçıların Qarabağda qeyri – qanuni fəaliyyətlərinə qarşı
Azərbaycanın bir-sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və
ekologiya fəallarının Şuşa-Laçın yolunda bir müddət etiraz aksiyası
keçirilmişdir.Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri
Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni
şəkildə istismar olunması, bu zaman ekoloji normalara əməl
edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması, Azərbaycan
ictimaiyyətinin haqlı narazılığına səbəb olmuşdur.”
Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni
silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də
digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması
məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli
qaydada Azərbaycan ilə sərhəddə Laçın–Xankəndi yolunun girişində
nəzarət buraxılış məntəqəsinin qurulmasına cavab olaraq 2023-cü il
aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri
tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə
sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın”
Nəzarət-Buraxılış Məntəqəsi qurulmuşdur.
A.Qarayev xatırladıb ki, 2023-cü ilin 19 sentyabr tarixində
Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra
genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi.
“Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın
müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının
Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal
xarakterli antiterror əməliyyatına başlanıldı.Cəmi 23 saat 43
dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur
oldular. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və
dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də
döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli
silahların tətbiqi ilə sıradan çıxarılırdı. Qarabağın erməni
sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti
vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında
razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da
lokal xarakterli antiterror əməliyyatı aşağıdakı şərtlərlə
dayandırıldı.”
A.Qarayev qeyd edib ki, dəfələrlə Azərbaycan nümayəndələri ilə
görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının
nümayəndələri bir günlük antiterror əməliyyatından sonra Yevlax
şəhərində görüşməyə məcbur oldular.
“Görüşdə Separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni
sakinlərin reinteqrasiya məsələləri müzakirə edilib. Eyni zamanda,
Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya
şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil
qərar vermək imkanları yaradılmışdır.Sentyabrın 28-də Qarabağın
separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin
ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə
həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan
ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə
tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta
rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və
Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın
Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli
bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə
yekunlaşdı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı,
Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət
Bayrağını ucaltdı.”