
Bakı.Trend:
Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət
Səttarovun başçılıq etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin televiziya və radio
yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 12-ci
Toplantısında iştirak edib.
Trend xəbər verir ki, bu barədə Audiovizual
Şura məlumat yayıb.
Bildirilib ki, 16-18 sentyabr 2025-ci il tarixlərində
Albaniyanın Vlora şəhərində keçirilən tədbirin mövzusu “Audiovizual
və onlayn media platformalarında nifrət nitqi və informasiya
azadlığı” olmuşdur. Tədbirdə Albaniya Audiovizual Media Qurumunun
(AMA) sədri xanım Armela Krasniqi, BRAF-ın Baş katibi xanım Dəniz
Güçer və QDİƏT-in Baş katibinin birinci müavini xanım Merve Səfa
Kavakçı açılış nitqləri ilə çıxış etmişlər.
Toplantı çərçivisində “Audiovizual mediada nifrət nitqi və
informasiya azadlığı: İnformasiya azadlığı və ictimai
təhlükəsizliyin balanslaşdırılması üçün etik qaydalar və hüquqi
çərçivələr” və “Onlayn media platformalarında nifrət nitqi və
informasiya azadlığı: Onlayn media kontentini tənzimləmək üzrə
ictimai məlumatlılıq kampaniyası və beynəlxalq əməkdaşlıq”
mövzularında iki panel sessiya təşkil edilmişdir.
Birinci paneldə çıxış edən İsmət Səttarov Azərbaycanda nifrət
çıxışları, dini, irqi, cinsi ayrıseçkiliyin qanunla qadağan
olunduğunu bildirmiş, bu istiqamətdə Audiovizual Şuranın gördüyü
işlər barədə geniş məlumat vermişdir.
Toplantının işində iştirak edən Sədrin müşaviri Haşim
Əliməmmədzadə Azərbaycanda media sahəsində baş verən son
dəyişikliklər haqqında danışmışdır.
Tədbirin sonunda BRAF-ın növbəti toplantısının Bolqarıstanda
keçirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edək ki, BRAF-ın
11-ci toplantısı 14-16 aprel 2025-ci il tarixlərində Bakıda
Audiovizual Şuranın təşkilatçılığı ilə keçirilmişdi.