
Bakı. Trend:
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsində
Paddock ərazisində yerləşən Chill Zone-da maraqlı anlar yaşanıb.
Alpine komandasının sürücüləri Franko Kolapinto və Pyer Qasli,
eləcə də Red Bull-un pilotu Yuki Tsunoda Azərbaycan mətbəxinin
sevilən təamlarından olan qutab hazırlayıblar.
Trend xəbər
verir ki, bu barədə Bakı Şəhər Halqası məlumat yayıb.
Bildirilib ki, xüsusi məkanda təşkil olunan tədbirdə qonaqlar
pilotların yeməyi dadmaqla yanaşı, onların bişirmə prosesini də
izləyiblər. Kolapinto tapşırığa böyük ciddiyyətlə yanaşıb,
qutabları diqqətlə hazırlayaraq nəticədən sonra sevincini
gizlətməyib. Qasli isə yumorla fərqlənib – hazırladığı qutab
ənənəvi formadan uzaq olsa da, zarafatla: “Kim deyib ki, qutab
mütləq yumru olmalıdır?” – deyə bildirib.
Sonda pilotlar həmkarlarını və qonaqları hazırladıqları
qutablarla qonaq ediblər. Argentinalı jurnalist Xuan Fossarolinin
sözlərinə görə, sürücülərin təamı gözləniləndən də dadlı alınıb.
Tədbirdən yayılan görüntülər isə qısa zamanda sosial şəbəkələrdə
böyük maraq doğurub.

