20 sentyabr – Dövlət Suverenliyi Günü milli birliyimizin rəmzi kimi qeyd olunur – Deputat

Baş səhifə

Bakı. Trend:

20 sentyabr – Dövlət Suverenliyi Günü müasir Azərbaycan
dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisədir və xüsusi
əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı
ilə təsis olunan bu gün hər il dövlətimizin müstəqilliyinin, ərazi
bütövlüyünün və milli birliyimizin rəmzi kimi qeyd olunur.

Bu tarixi gün, Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası
ilə başlanan, onilliklər boyu davam edən çətin və şərəfli
mübarizənin məntiqi sonu, dövlətimizin tam suverenliyinin təmin
olunması ilə yadda qalıb.

Bunu Trend-ə Milli Məclisin
deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, Dövlət Suverenliyi Gününün rəsmi olaraq
təqvimdə yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində
qazanılan möhtəşəm Qələbənin, 2023-cü ildə həyata keçirilən uğurlu
antiterror tədbirlərinin və XXI əsrdə Azərbaycanın dövlət
müstəqilliyinin möhkəmləndirilməsinin önəmini bir daha
təsdiqləyir.

“Sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı
qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlara qarşı Azərbaycan
dövləti antiterror tədbirlərinə başladı. Cəmi 23 saat 43 dəqiqə
davam edən bu əməliyyat nəticəsində Müzəffər Azərbaycan Ordusu
qarşısına qoyulan bütün vəzifələri yüksək dəqiqlik və peşəkarlıqla
icra etdi. Ermənistanın bütün xəbərdarlıqlara baxmayaraq,
təxribatçı fəaliyyətini davam etdirməsi bu əməliyyatları zərurətə
çevirdi. Halbuki İkinci Qarabağ müharibəsində əldə edilən Zəfərdən
sonra imzalanmış kapitulyasiya aktına əsasən, Azərbaycanın
ərazisində heç bir erməni silahlı birləşmələri qalmamalı idi”.

O əlavə edib ki, buna baxmayaraq, Qarabağ bölgəsində 10 mindən
artıq erməni hərbçisi və qeyri-qanuni silahlı dəstə mövcud idi:

“Azərbaycanın qətiyyətli addımı nəticəsində həmin qüvvələr
zərərsizləşdirildi, üçtərəfli bəyanatın tələbləri tam icra olundu,
konstitusiya quruluşumuz bərpa edildi.

Bu əməliyyatların nəticəsində qondarma separatçı rejim öznü
buraxdığını elan etdi və bununla da Azərbaycanın bütün ərazilərində
dövlət suverenliyi bərqərar olundu. Artıq bu gün Azərbaycanın hər
guşəsində, hər bir şəhər və kəndində üçrəngli bayrağımız əzəmətlə
dalğalanır. Bu hadisə dövlətçiliyimizin möhkəmlənməsi, milli
birliyimizin güclənməsi və gələcək nəsillərə suveren bir Azərbaycan
miras qoyulması baxımından əvəzsiz tarixi mərhələdir”.