Slovakiya Baş Prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Slovakiya Respublikasının Baş Prokuroru Maroş Jilinkanın
rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Trend xəbər
vcerir ki, bu barədə Baş prokurorluq məlumat yayıb.

Bildirilib ki, sentyabrın 19-da nümayəndə heyəti Fəxri xiyabanda
xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və
qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı
önünə əklil qoyub. Eyni zamanda, Şəhidlər xiyabanı ziyarət olunub,
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda
etmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə çiçəklər
düzülüb.

Daha sonra Azərbaycan Respublikasının Baş prokuroru Kamran
Əliyev Maroş Jilinkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş
keçirib.

Baş prokuror görüşdə Azərbaycan və Slovakiya arasında yüksək
səviyyəli münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşımasını,
dövlət başçılarının ölkələrimizi və xalqlarımızı birləşdirən
dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin əhəmiyyətini,
Slovakiya şirkətlərinin Qarabağda bərpa işlərinə verdiyi töhfələri,
eləcə də ticarət, texnologiya və sənaye sahələrində əməkdaşlığın
genişlənməsi fonunda prokurorluq orqanları arasında da peşəkar
əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.

Bundan başqa görüşdə Azərbaycanda həyata keçirilən hüquq
islahatları, o cümlədən prokurorluq orqanlarının fəaliyyətində
operativlik və hesabatlılığın artırılması məqsədilə tətbiq olunan
Elektron Prokurorluq İnformasiya Sistemi (EPIS) barədə məlumat
verilib.




Tərəflər həmçinin Azərbaycan Prokurorluğunun beynəlxalq və
regional təşkilatlarla, habelə digər ölkələrin prokurorluq və
hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığına toxunaraq
hüquqi dialoqun intensivləşdirilməsi, təcrübə mübadiləsi,
ekstradisiya və hüquqi yardım sahəsində əməkdaşlığın
genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Slovakiya Respublikasının Baş Prokuroru Maroş Jilinka çıxışında
Azərbaycanda həyata keçirilən hüquqi islahatların beynəlxalq hüquq
və ədalət prinsiplərinə uyğunluğunun mühüm əhəmiyyət kəsb etməsini
vurğulayaraq ölkəmizin hüquq sisteminin inkişafı istiqamətində
atdığı addımların təqdirəlayiq olduğunu qeyd edib.

Görüşdə, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində
beynəlxalq əməkdaşlığın gücləndirilməsi, cinayətkarlığa qarşı
mübarizədə bilik və təcrübə mübadiləsi, eləcə də beynəlxalq hüquq
normalarına uyğun fəaliyyətin daha da inkişaf etdirilməsi
məsələləri də diqqət mərkəzində olub.

Sonda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Slovakiya
Respublikasının Baş Prokurorluğu arasında Anlaşma Memorandumu
imzalanıb.

Qonaqlar, həmçinin, Baş Prokurorluğun Tarix muzeyi ilə tanış
olub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı eksponatlar barədə
ətraflı məlumat verilib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.