
Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycanla Çin arasında
ticarət əməliyyatlarının həcmi 2,9 milyard ABŞ dolları təşkil
edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 650,2 milyon ABŞ dolları və ya 28,4% çoxdur.
Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi
ticarət dövriyyəsinin 9,16%-i həcmində olub. Bununla da Çin hesabat
dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı
ölkələr sırasında dördüncü pillədə qərarlaşıb.
Cari ilin yanvar-avqust aylarında Azərbaycandan Çinə 60,1 milyon
dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə
müqayisədə 46,8 milyon ABŞ dolları və ya 4,5 dəfə çoxdur.
Eyni zamanda, hesabat dövründə Çindən Azərbaycana təqribən 2,9
milyard ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki,
bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 603,4 milyon ABŞ
dolları və ya 26,5% artım deməkdir. Bununla da hesabat dövründə Çin
Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında birinci
pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan
xarici ölkələrlə 32,118 milyard ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,123
milyard ABŞ dolları və ya 3,6% çoxdur.
Xarici ticarət dövriyyəsinin 17,065 milyard ABŞ dolları ixracın,
15,053 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən ilin eyni
dövrü ilə müqayisədə ixrac 1,166 milyard ABŞ dolları və ya 6,4%
azalıb, idxal isə 2,290 milyard ABŞ dolları və ya 17,9% artıb.
Son nəticədə xarici ticarətdə 2,013 milyard dollarlıq müsbət
saldo yaranıb. Bu da illik müqayisədə 3,455 milyard ABŞ dolları və
ya 2,7 dəfə azdır.