14 fələstinli tələbə ölkəmizdə təhsil almaq üçün Qəzza bölgəsindən təxliyə edilib – XİN

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası “Heydər Əliyev adına Beynəlxalq Təhsil
Qrantı” proqramı çərçivəsində ölkəmizdə ali təhsil almaq hüququ
qazanmış 14 fələstinli tələbəni Qəzza bölgəsindən təxliyə edib.

Trend
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xarici İşlər Nazirliyi tərəfindən həyata
keçirilmiş təxliyə prosesi 17 sentyabr tarixində başlayıb və artıq
həmin tələbələrdən 10 nəfəri bu gün səhər Heydər Əliyev adına
beynəlxalq hava limanında qarşılanıb. Digər 4 nəfərin isə yaxın
saatlarda qarşılanması nəzərdə tutulur.

Tələbələrin Qəzzadan çıxarılaraq ölkəmizə gətirilməsi AR-in
İsrail və İordaniyadakı səfirliklərinin birbaşa iştirakı, eləcə də
Fələstindəki təmsilçilik ofisimizin dəstəyi ilə İsrail və
İordaniyanın müvafiq dövlət qurumları ilə bir müddət davam edən
təmaslar və əldə olunmuş razılaşmalar nəticəsində baş tutub.




Ölkəmizə gələn tələbələr Elm və Təhsil Nazirliyinin
təşkilatçılığı ilə müvafiq ali təhsil qurumlarının nümayəndələri
tərəfindən qarşılanaraq yataqxanalara yerləşdiriliblər.

Qeyd edək ki, Fələstin Dövləti tərəfindən təqdim olunmuş
namizədliklər əsasında həmin tələbələrdən 8 nəfəri ötən il, 6
nəfəri isə cari ildə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”
proqramına qəbul olunub.

Davam edən hərbi əməliyyatlar və bölgədəki qeyri-sabit vəziyyət
ötən il qəbul olunmuş tələbələrin ölkəmizə gəlişini mümkünsüz edib.
Bu baxımdan, tələbələrdən daxil olmuş müraciət və Fələstin
tərəfinin xahişi əsasında Azərbaycan Xarici İşlər Nazirliyi cari
ilin may ayından etibarən tələbələrin ölkəmizə gətirilməsi
istiqamətində iş aparıb. Tələbələr quru yolu ilə Qəzzadan
çıxarılaraq İordaniyaya gətirilib, daha sonra isə hava nəqliyyatı
vasitəsilə onların İordaniyanın paytaxtı Əmman şəhərindən Bakıya
uçuşları təşkil olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir