14 fələstinli tələbə Qəzzadan təxliyə edilib

Baş səhifə

Fələstin tərəfinin xahişi əsasında Azərbaycan “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində ölkədə ali təhsil almaq hüququ qazanmış 14 fələstinli tələbəni Qəzza bölgəsindən təxliyə edib.

Metbuat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, bölgədə davam edən hərbi əməliyyatlar və qeyri-sabit vəziyyət ötən il qəbul olunmuş tələbələrin Azərbaycana gəlişini mümkünsüz edib.

Tələbələrdən daxil olmuş müraciət və Fələstin tərəfinin xahişi əsasında Azərbaycan Xarici İşlər Nazirliyi tələbələrin ölkəyə gətirilməsi istiqamətində iş aparıb.

Tələbələr quru yolu ilə Qəzzadan çıxarılaraq İordaniyaya gətirilib, daha sonra isə hava nəqliyyatı vasitəsilə onların İordaniyanın paytaxtı Əmman şəhərindən Bakıya uçuşları təşkil olunub.

Təxliyə prosesi sentyabrın 17-də başlayıb və artıq həmin tələbələrdən 10 nəfəri bu gün səhər Heydər Əliyev adına beynəlxalq hava limanında qarşılanıb. Digər 4 nəfərin isə yaxın saatlarda qarşılanması nəzərdə tutulur.

Tələbələrin Qəzzadan çıxarılaraq Azərbaycana gətirilməsi Azərbaycanın İsrail və İordaniyadakı səfirliklərinin birbaşa iştirakı, eləcə də Fələstindəki təmsilçilik ofisinin dəstəyi ilə İsrail və İordaniyanın müvafiq dövlət qurumları ilə bir müddət davam edən təmaslar və əldə olunmuş razılaşmalar nəticəsində baş tutub.

Ölkəyə gələn tələbələr Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə müvafiq ali təhsil qurumlarının nümayəndələri tərəfindən qarşılanaraq yataqxanalara yerləşdiriliblər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.