
Bakı. Trend:
“Transxəzər beynəlxalq nəqliyyat marşrutu” (TBNM)
assosasiyasının ofisində Yaponiyanın “Japan Center for
International Finance” (JCIF) beynəlxalq maliyyə mərkəzinin
nümayəndəsi, Mərkəzi Asiya bölməsinin Strateji planlaşdırma və
idarəetmə departamentinin layihələr üzrə baş əlaqələndiricisi Akemi
Kitamura ilə işgüzar görüş keçirilib.
Trend bu barədə
TBNM saytına istinadla xəbər verir.
Səfər TBNM assosasiyasının cari fəaliyyəti, marşrutun logistika
zəncirləri, eləcə də onun dinamik inkişafını təmin edən əsas
faktorlarla tanışlıq məqsədi daşıyıb.
JCIF nümayəndəsi TBNM-in (Orta Dəhliz) beynəlxalq investorlar və
dövlət qurumları üçün perspektivli əməkdaşlıq layihələri
kontekstində əhəmiyyətini vurğulayaraq bildirib ki, Mərkəz hər il
beynəlxalq maliyyə, iqtisadiyyat və maliyyə bazarlarının
tənzimlənməsi məsələləri üzrə analitik hesabatlar dərc edir.
Görüş zamanı tərəflər daşımaların dinamikasını, marşrutun
rəqabət qabiliyyətinin artırılmasını, infrastruktur layihələrinin
reallaşdırılmasını və məhdudlaşdırıcı amillərin aradan
qaldırılmasını müzakirə ediblər. Qeyd olunub ki, TBNM-ə üzv
ölkələrin infrastruktur təşəbbüsləri daşımaların davamlı artımını
təmin etməyə yönəlib. Qarşıdakı illərdə yeni liman və dəmir yolu
obyektlərinin istismara verilməsi, əsas qovşaqların buraxılış
qabiliyyətinin genişləndirilməsi və prosedurların
rəqəmsallaşdırılması hesabına daşımaların həcminin daha da artacağı
proqnozlaşdırılır.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,
Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.
Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,
Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta
Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə
birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu
təklif edir.