
Bakı. Trend:
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları”nın
(AZAL) parkında hazırda iki “Boeing 787 Dreamliner” təyyarəsi
fəaliyyət göstərir. Uzunmüddətli modernləşdirmə strategiyasına
uyğun olaraq yaxın illərdə bu tipdən bir neçə yeni təyyarənin də
donanmaya qoşulması planlaşdırılır.
Bu barədə Trend AZAL-a istinadən xəbər verir.
Bildirilib ki, “Boeing” şirkəti “787 Dreamliner” modelini ən
uğurlu geniş gövdəli təyyarələrdən biri kimi təqdim edir. 14 ildən
az bir zamanda bu təyyarələr 1,1 milyarddan çox sərnişin daşıyıb
ki, bu da aviasiya tarixində digər bütün geniş gövdəli təyyarələrlə
müqayisədə ən yüksək göstəricidir.
Təyyarənin konstruksiyası və müasir texnologiyaları yanacaq
sərfiyyatını əvvəlki nəsil analoji modellərlə müqayisədə 25%-dək
azaldır, həmçinin dünyanın müxtəlif istiqamətlərində 435 yeni
birbaşa marşrutun açılmasına şərait yaradıb. Geniş salonu, iri
gövdəli təyyarələr arasında ən böyük pəncərələri və rahat şəraiti
ilə sərnişinlər uçuş zamanı özlərini komfortlu hiss edir və təyinat
məntəqəsinə rahat çatırlar.
Bakıda təqdim olunan “Boeing 787 Dreamliner” uçuş simulyatoru
pilot kabinəsinin bütün elementlərini yüksək dəqiqliklə əks
etdirir. Genişformatlı naviqasiya ekranları, şturval, idarəetmə
qolları, pedallar və orijinal oturacaqlarla təchiz edilmiş
simulyator real uçuş şəraitini maksimum dərəcədə imitasiya
edir.
Proqram təminatı təyyarənin bütün uçuş sistemlərini tam şəkildə
canlandırır və qonaqlara uçuşun bütün mərhələlərini — havaya
qalxma, uçuş rejimi və enişi — sınaqdan keçirməyə imkan verir. Bu,
həmçinin “Dreamliner”in innovativ texnologiyaları və yanacaq
səmərəliliyi ilə yaxından tanış olmaq üçün unikal təcrübə
yaradır.

