
Bakı. Trend:
Cümə günü baş tutan ikinci sərbəst yürüşün yekununda
protokollara “Ferrari” komandasının pilotları liderlik etdilər.
Trend xəbər verir ki, maraqlı
məqam isə Lyuis Hemiltonun ən sürətli dövrəsində komanda yoldaşı,
Bakıda ardıcıl dörd poul sahibi olmuş Şarl Lekleri cəmi 0.074
saniyə qabaqlaması oldu.
Onların ardınca “Mercedes” pilotları qərarlaşdı – Corc Rasl gənc
komanda yoldaşı Kimi Antonellini cəmi 0.009 saniyə qabaqlayaraq
üçüncü nəticəni göstərdi. Günün ən böyük sürprizlərindən birini isə
“Haas” nümayiş etdirdi: Oliver Börman Maks Ferstappeni (“Red Bull”)
üstələyərək protokollarda irəli sıralarda yer aldı. Komanda yoldaşı
Esteban Okon da yaxşı performans sərgiləyərək Liam Lousonun
(“Racing Bulls”) ardınca 8-ci oldu. İlk onluqda Aleks Elbon
(“Williams”) və Lando Norris (“McLaren”) də yer aldı.
Qeyd etmək lazımdır ki, Bakıda Mühəndislər Kubokunu qazanmağa
hazırlaşan “McLaren” komandasının sürücüləri birinci sessiyadan
fərqli olaraq, bu dəfə çox zəif təəssürat bağışlayıblar. Həm
Norris, həm də Oskar Piastri divarlarla təmas yaşamaqdan qurtula
bilməyiblər – Landonun təması daha ciddi olduğu üçün mexaniklər
maşını sabahkı sessiyalara çatdırmaq üçün üzərində xeyli işləməli
olacaqlar.
Beləliklə, Azərbaycan Qran Prisində həyəcanlı ilk gün geridə
qaldı və azarkeşlər sabahkı sessiyalarda daha da gərgin mübarizənin
şahidi olacaqlar.