Milli Məclisin sədri Malayziya Parlamenti Nümayəndələr Palatasının sədri ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Malayziya
Parlamenti Nümayəndələr Palatasının sədri Tan Sri Dato Johari Bin
Abdul ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
Trend-ə verilən məlumata görə, Nümayəndələr
Palatasının sədri Milli Məclisin sədrini səmimiyyətlə salamlayaraq,
Azərbaycan parlament nümayəndə heyətinin AİPA-nın 46-cı Baş
Assambleyasında iştirakına görə təşəkkürünü bildirib.

O, bu cür parlamentlərarası platformaların ikitərəfli və
çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün gözəl fürsət
olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı parlamentlərimizin beynəlxalq təşkilatlarda
əməkdaşlığından məmnunluq ifadə olunub, xüsusilə də Qoşulmama
Hərəkatı Parlament Şəbəkəsində birgə fəaliyyət üçün geniş
imkanların olduğu qeyd edilib.

Azərbaycan və Malayziyanın qanunvericilik orqanlarının
parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlığından danışan
Sahibə Qafarova, bu baxımdan AİPA-nın 46-cı Baş Assambleyasının
əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan və Malayziya parlamentləri arasında
əməkdaşlığın gələcək perspektivlərindən danışılıb, bu cür
görüşlərin və aparılan danışıqların parlamentlərimiz arasında
uğurlu əlaqələri təsdiq etdiyi qeyd olunub.

Söhbət zamanı Milli Məclisin sədri Cənubi Qafqaz regionunda
gedən proseslər, Azərbaycan torpaqlarının işğaldan azad olunması,
hökumətimiz tərəfindən Qarabağ və Şərqi Zəngəzurda aparılan
genişmiqyaslı yenidənqurma işləri haqda məlumat verib.

Spiker Sahibə Qafarova, eyni zamanda Azərbaycan Respublikası
Prezidentinin Vaşinqtona son işgüzar səfəri kontekstində
Azərbaycan-Ermənistan sülh prosesi haqda fikirlərini bölüşüb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da
fikir mübadiləsi aparılıb.