Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı
20 Sentyabr-Dövlət Suverenliyi Gününün qürurunu yaşayır.
Bayramlarımız sırasına daxil olan bu əlamətdar tarix Azərbaycan
dövlətinin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin
növbəti parlaq qələbəsidir. 44 günlük İkinci Qarabağ müharibəsində
tarixi Zəfərimiz davamlı Zəfərlərə yol açdı. Müzəffər Ali Baş
Komandan, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təqvimimizə
kədərli 27 Sentyabr günü ilə bərabər, iki bayram günü də əlavə
edildi – 8 Noyabr və 20 Sentyabr günləri. Bunlar bayram və Zəfər
günləridir. Bu Zəfər bizimlə əbədi yaşayacaq.

Beynəlxalq hüquq normalarını, BMT nizamnaməsinin tələblərini
kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata
keçirən Ermənistan hərbi gücdən istifadə edərək ölkəmizin
beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizə yaxınını 30 il
işğal altında saxladı, azərbaycanlılara qarşı etnik təmizləmə
apardı, törətdiyi hərbi cinayətlərlə şəhər və kəndlərimizi viran,
ölkəmizin təbii resurslarını talan etdi, tarixi, dini, mədəni
abidələrini dağıtdı, Azərbaycan xalqına qarşı XX əsrin ən dəhşətli
faciəsi olan Xocalı soyqırımını törətdi. Ermənistanın hərbi
təcavüzünün, işğalının nəticələrinin aradan qaldırılması və BMT
Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün 30
ilə yaxın davam edən danışıqlar uğursuzluqla nəticələndi. 2018-ci
ildə dəyişən Ermənistan hökuməti də münaqişənin sülh yolu ilə həll
edilməsi istiqamətində addım atmadı, özündən əvvəlki hakimiyyətlər
kimi müzakirələri uzatmaq taktikasına üstünlük verdi. Danışıqlara
yalnız vaxt qazanmaq naminə qatılan Ermənistanın yeni ərazilər
uğrunda müharibə planı hazırladığı açıq-aydın görünürdü. Təbii ki,
Azərbaycan buna laqeyd qala bilməzdi.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə deyib.

Millət vəkili vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 gündə
apardığı hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti qəhrəmanlıq
dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub,
şəhər və kəndlərimizi azad edən əsgərlərimiz, zabitlərimiz əsl
qəhrəmanlıq göstərdilər. Hər gün irəli getdik. Ermənistan silahlı
qüvvələri Azərbaycan Ordusunun peşəkarlığını, fədakarlığını görərək
daha da böyük təşvişə düşürdü və özlərinin etirafına görə, İkinci
Qarabağ müharibəsi zamanı Ermənistan ordusunda 12 min fərari
olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun
hərbçisi döyüş meydanını tərk etmədi. Bu, Azərbaycan xalqının
əyilməz ruhunu bir daha bütün dünyaya nümayiş etdirdi. Şuşa
Zəfərindən sonra düşmən kapitulyasiyaya məcbur oldu. 10 noyabr
2020-ci ildə üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın
hərbi-siyasi qələbəsi, Ermənistanın kapitulyasiyası təsdiqləndi.
Dövlət başçısı İlham Əliyev noyabrın 8-də Xankəndi şəhərində Vətən
müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan
hərbi paradda bu məqamı xüsusi qeyd etmişdir ki, o vaxt Silahlı
Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt
dayandırılması şüurlu seçimimiz idi və bu gün burada – Xankəndi
şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu
göstərir ki, nə qədər düzgün, müdrik addım idi. O vaxt mən heç
şübhə etmirdim ki, gün gələcək və burada – Xankəndi şəhərində
Azərbaycan Bayrağı qaldırılacaqdır.




Vüqar Rəhimzadə vurğulayıb ki, 44 gündə işğalçı dövlətə tarixdə
heç zaman unuda bilməyəcəyi dərs verilsə də, zaman keçdikcə bu
reallığı gördük ki, bu, Ermənistan rəhbərliyinə dərs olmayıb.
Tarixi Zəfərimizdən ötən üç ildə Ermənistan tərəfinin törətdiyi
hərbi təxribatlar antiterror tədbirlərini qaçılmaz etdi. Cəmi 23
saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan
Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə
yetirdi. Qondarma rejim özünü buraxdığını elan etdi. Bununla da
Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi.
Hakimiyyətin aliliyi və nəzarət funksiyası bütün ərazilərimizdə tam
şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin
təşəkkülündə mühüm bir mərhələdir. Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı
ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix – Dövlət
Suverenliyi Günü təsis edildi. Bu gün “Konstitusiya və Suverenlik
İli” çərçivəsində Dövlət Suverenliyi Gününü ikiqat bayram kimi qeyd
edirik. Milli Konstitusiyamızın qəbulunun 30 ilinin, Zəfərimizin 5
ilinin tamam olduğu nəzərə alınaraq 2025-ci il ölkəmizdə
“Konstitusiya və Suverenlik İli” elan edildi. Bu gün Azərbaycan
xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq
dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə
toxunulmazdır.

Milli Məclisin deputatı bildirib ki, özünün siyasi, mədəni
tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq
inkişaf etdirmək hər xalqa nəsib olmur. Buna sahib olmaq xalqın
ictimai-siyasi həyatında ən böyük nailiyyətidir. Tarix boyunca
qarşılaşdığı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala
baxmayaraq, xalqımızın müstəqillik, dövlətçilik arzusu və
mübarizəsi əsrlər boyu davam edib, heç bir qüvvə onun bu əzmini
sındıra bilməyib. Tarixi Zəfərimizin, suverenliyimizin tam
bərpasının yaratdığı reallıqlar fonunda böyük qürur hissi ilə qeyd
edirik ki, Azərbaycan xalqı yenilməz, məğrur, tarixinə,
torpaqlarına sahib çıxan xalqdır. Bütün dünya Azərbaycan xalqını
müzəffər xalq kimi tanıyır.

Vüqar Rəhimzadə qeyd edib ki, hər bir bayram bir hesabat,
keçilən yolun və qarşıdakı dövrün hədəflərinin təqdimatıdır. Artıq
suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoyub.
Prezident İlham Əliyev bildirir ki, yeni dövrə qədəm qoyarkən böyük
ümidlərlə yaşayırıq. Əminəm ki, bütün Azərbaycan xalqı böyük
ümidlərlə yaşayır və biz, əlbəttə, elə işləməliyik, elə addımlar
atmalıyıq ki, bu ümidlər çin olsun. Bu çağırış da daim öndə
saxlanılır ki, biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu
hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm
uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə
nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm
də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü
olsaq, o qədər də bizim səsimiz eşidiləcək.