“Əsrin Müqaviləsi”nin 31 ili tamam olur

Baş səhifə

Bakı. Trend:

Bu gün “Əsrin Müqaviləsi”nin imzalanmasından 31 il ötür.

Trend-in məlumatına görə, 20 sentyabr 1994-cü
ildə Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə görə
“Əsrin müqaviləsi” adını almış müqavilə bağlandı. Dənizin
dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının
işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu
müqavilə 4 dildə tərtib edildi.

“Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük
Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı)
13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl,
Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak
edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti
ilə daha 26 sazişin imzalanmasına şərait yaratdı.

“Əsrin müqaviləsi” imzalanandan sonra onun iştirakçıları işçi
strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat
Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar
hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də
Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə
başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis “Əsrin
müqaviləsi”ni ratifikasiya etdi.

Prezident Heydər Əliyevin 1994-cü il sentyabrın 20-də “Əsrin
müqaviləsi”nin imzalanma mərasimində söylədiyi nitq geniş
mənatutumlu tarixi sənəd olub, təkcə siyasi maraqlar dilində deyil,
həm də siyasi təhlil dilində danışmağa imkan verir. Bu nitqdə
Azərbaycan dövlətinin başçısının niyyət və qərarlarını
interpretasiya etmək üçün onun zəngin dil və dünyagörüşü imkanları
ifadə edilmişdir.

“Əsrin müqaviləsi” tarixə Heydər Əliyevin Prezident hakimiyyəti
siyasətində baza prioritetini – neft strategiyasını müəyyən etmiş
ilk iri iqtisadi sənəd kimi düşmüşdür. Lakin “Əsrin müqaviləsi”nin
əhəmiyyəti hələ o vaxt da təkcə gözlənilən merkantil səmərə ilə
məhdudlaşmırdı. 1990-cı illərin əvvəlində Azərbaycan Heydər
Əliyevin layihəsi əsasında fəlakətli vəziyyətdən çıxırdı. Layihə
onun siyasətində həmişə olan və dilə gətirilməyən, ən uzaqgörən
məsləkdaşlarının oxuya bildiyi mülahizələrin məcmusu idi. O illərdə
Azərbaycan dövləti tarixi Azərbaycan dövlətçiliyinin varisi
hüquqlarını həyata keçirməyə, təkcə özünün mövcud olduğu qısa zaman
kəsiyi üçün deyil, Azərbaycan tarixinin bütün təcrübəsi üçün
məsuliyyət daşımağa məhkum idi. Bu mənada “Əsrin müqaviləsi”
ayrı-ayrı dövrlərin əlaqəliliyi ideyasını, Heydər Əliyev
siyasətinin əsas məqsədinə – ictimai rifaha xidmət edən dəyərləri
əks etdirən dünyagörüşü aktına çevrildi.

“Əsrin müqaviləsi” labüd olaraq Azərbaycanda sosial tədbirlərin
miqyasının dəyişməsinə doğru aparırdı: ölkəyə böyük məbləğdə pul
axını yaranması ilə əlaqədar millət hərc-mərclikdən və
parçalanmaqdan xilas olmaq imkanı qazanırdı – Azərbaycan milləti
dəqiq məzmuna malik həyati əhəmiyyətli vəzifələri yerinə yetirməli
idi. Bu vəzifələrin mahiyyəti səmərəli modernləşdirmə həyata
keçirməkdən ibarət idi, lakin bu zaman iki zəruri şərtə –
müstəqilliyi qoruyub saxlamaq və millətin mənəvi-əxlaqi gücündən
istifadə etmək şərtlərinə əməl olunmalı idi. “Əsrin müqaviləsi”
məhz insanın təsərrüfatçılıq enerjisinin sərbəstləşməsi kimi başa
düşülən bu cür modernləşmənin hərəkətverici qüvvəsinə çevrilməli
idi. Lakin müvafiq proseslərə nəzarət edilməsi dövlətin
səlahiyyətində qalırdı. Beləliklə, əlamətdar “müqavilə” sözü
uzunmüddətli əməliyyat mənası kəsb etdi.

“Əsrin müqaviləsi”nin reallaşdırılması indi, neçə illər keçəndən
sonra, çox düzgün olaraq Azərbaycan millətinin malik olduğu
potensial qüvvə barədə düşünməyə vadar edir. Bu qüvvə adi gözlə
görünməyən enerji ehtiyatlarından, millətin iradə gücündən və böyük
amallara can atmasından asılıdır.