
Bakı. Trend:
Xarici İşlər Nazirliyi 20 sentyabr – Dövlət Suverenliyi Günü ilə
bağlı bəyanat yayıb.
Trend xəbər verir
ki, bəyanatda deyilir:
“Bu gün, Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur.
2023-cü ilin 19-20 sentyabr tarixində 24 saatdan az bir müddətdə
Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilib
ölkəmizin Qarabağ bölgəsindən tamamilə çıxarılması, həmin
ərazilərdə Azərbaycan Respublikasının suverenliyinin və
konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli
antiterror tədbirləri həyata keçirilib.
20 sentyabr tarixində Azərbaycanın öz torpaqları üzərində
suverenliyini bərpa etməsi tarixin ən şanlı səhifələrindən biri
olmaqla yanaşı, beynəlxalq hüquq və ədalətin təntənəsidir.
Bu zəfərin əsas memarı Müzəffər Ali Baş Komandanın rəhbərlik
etdiyi şanlı Azərbaycan silahlı qüvvələridir. Məhz Ali Baş
Komandanın qətiyyəti və silahlı qüvvələrimizin rəşadəti bu qələbəni
təmin edib.
Ermənistanın 2020-ci il Vətən müharibəsi nəticəsində qəbul
etdiyi öhdəliklərə baxmayaraq, 2023-cü ilədək keçən üç ilə yaxın
müddət ərzində nəinki öz silahlı birləşmələrini Azərbaycanın
Qarabağ bölgəsindən çıxarmadığı, hətta Azərbaycan ərazilərinə əlavə
silah-sursat, hərbi texnika, minalar yerləşdirdiyi məlum idi.
Ermənistan tərəfinin ərazilərimizdə yaratdığı qondarma rejimin
təbliğatını hər vəchlə davam etdirməsi, 2 sentyabr 2023-cü il
tarixində qondarma “müstəqillik” ilə bağlı separatçı rejimi təbrik
etməsi, 9 sentyabr tarixində qondarma “prezident seçkiləri”, eləcə
də 19 sentyabr tarixində 6 nəfər azərbaycanlının həlak olması ilə
nəticələn hərbi təxribat vəziyyəti daha da gərginləşdirdi.
Azərbaycanın ərazilərinə qarşı əsassız iddialarından əl
çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, təcavüz
siyasətini davam etdirən Ermənistanın və onun qondarma rejiminin
heç bir çərçivəyə sığmayan bu kimi davranışlarının qarşısının
alınması zəruri idi.
Ermənistan tərəfinin təhrikedici səylərinə və təbliğatına
baxmayaraq, antiterror tədbirləri aparıldığı zaman mülki əhali
hədəf alınmadı, mülki infrastruktura zərər vurulmadı, yalnız
legitim hərbi infrastruktur və obyektlər sıradan çıxarıldı.
Azərbaycan əsgəri və zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik,
fədakarlıq nümayiş etdirdi.
2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin bərpasından
sonra, Ermənistan-Azərbaycan əlaqələrinin normallaşdırılması
istiqamətində səylər daha da artırıldı. 8 avqust 2025-ci il
tarixində Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin
tarixi görüşü keçirildi. Görüşün nəticəsində liderlər tərəfindən
Birgə Bəyanat imzalandı. Azərbaycan və Ermənistan sülh müqaviləsi
mətnini parafladı. Bundan əlavə, Azərbaycan və Ermənistanın
müraciətinə uyğun olaraq, keçmiş münaqişənin qalığı olan ATƏT-in
Minsk Prosesi və əlaqəli strukturları 1 sentyabr tarixində ATƏT
Nazirlər Şurasının qərarı ilə ləğv edildi.
Vaşinqton görüşünün nəticələri Azərbaycanın irəli sürdüyü sülh
gündəliyini bir daha təsdiq etdi. Bu tarixi sülh fürsətinin əldən
verilməməsi, sülh sazişinin imzalanması üçün Ermənistan
konstitusiyasında ərazi iddialarının aradan qaldırılması
zəruridir.
Bu tarixi önəmli gündə Azərbaycanın müstəqilliyi, ərazi
bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş vətən
övladlarımızın əziz xatirəsini dərin hörmətlə yad edirik.
Dövlət Suverenliyi Günün mübarək, Azərbaycan!”