Antiterror əməliyyatı – tarixdə 1 gün, dövlətçilikdə əbədi dönüş – TƏHLİL

Baş səhifə

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu tərəfindən həyata
keçirilən və cəmi bir sutka davam edən lokal xarakterli antiterror
əməliyyatı ölkə tarixində təkcə hərbi əməliyyat kimi yox, həm də
dövlət suverenliyinin tam bərpası baxımından dönüş nöqtəsi oldu. Bu
hadisə milli dövlətçilik ideyasının reallaşması və regionun yeni
geosiyasi mənzərəsinin formalaşmasına zəmin yaratdı.

44 günlük müharibədən sonra Qarabağın bir hissəsində separatçı
silahlı birləşmələrin mövcudluğu ölkənin ərazi bütövlüyünün tam
icrasına mane olurdu. Antiterror əməliyyatı bu ikili idarəçiliyə
son qoydu və Azərbaycan Konstitusiyası, qanunları və dövlət
idarəetmə mexanizmləri bütün ərazilərdə, o cümlədən Qarabağda
tətbiq olundu. Suverenlik artıq kağız üzərində yox, reallıqda
təsbit edildi.

Əməliyyat cəmi 23 saat davam etdi və minimal itkilərlə separatçı
qüvvələrin təslim olması ilə nəticələndi. Bu, həm Azərbaycan
Ordusunun yüksək peşəkarlığını, həm də dövlət rəhbərliyinin
qətiyyətini nümayiş etdirdi. Eyni zamanda, beynəlxalq müstəvidə
Azərbaycanın legitim mövqelərini gücləndirdi.

Separatçıların tam zərərsizləşdirilməsi Cənubi Qafqazda
təhlükəsizlik arxitekturasını dəyişdi. Bölgədə eskalasiya riski
minimuma endi, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi
sürətləndi, sərhədin delimitasiya və demarkasiyası istiqamətində
addımlar atıldı. Qarabağın tam reinteqrasiyası Bakının regional
təşəbbüslərdə daha sərbəst və dominant mövqeyini təmin etdi.

Əməliyyatdan sonra “status” müzakirələri tamamilə gündəmdən
çıxarıldı. İki il ərzində aparılan bütün sülh danışıqları
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipləri üzərində
quruldu. Ermənistan da bu reallığı qəbul etməyə məcbur qaldı və
2025-ci ilin avqustunda Vaşinqtonda sülh müqaviləsi paraflandı.




Hərbi əməliyyatın ardınca Qarabağda geniş infrastruktur
layihələri icra olundu. Yollar, enerji xətləri, su təchizatı bərpa
edildi, məcburi köçkünlərin geri dönüşü üçün şərait yaradıldı.
Sosial və humanitar layihələr bölgəni münaqişə ocağından inkişaf
məkanına çevirdi.

Ərazi bütövlüyünün bərpası Azərbaycan cəmiyyətində milli birliyi
gücləndirdi. Dövlətçilik ideyası ətrafında yaranmış konsensus
daxili sabitliyin əsas dayağına çevrildi. Bu hadisə sübut etdi ki,
dövlət yalnız torpaqlar üzərində nəzarəti deyil, həm də həmin
torpaqları sosial, iqtisadi və mədəni baxımdan dirçəltməyi
hədəfləyir.

Beləliklə, 2023-cü ilin 19 sentyabr antiterror əməliyyatı
Azərbaycanın tarixində təkcə hərbi qələbə deyil, həm də dövlətçilik
fəlsəfəsinin parlaq nümunəsi kimi qalır. Qarabağ artıq münaqişə
bölgəsi yox, sülh və inkişaf məkanıdır.

MTM Analitik Qrupu