Asiya İnkişaf Bankı CAREC çərçivəsində transsərhəd su əməkdaşlığı üzrə texniki yardım üçün vəsait ayıra bilər

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya Regional İqtisadi
Əməkdaşlıq (CAREC) proqramının su sahəsi çərçivəsində “İqlimə
dayanlıq su ehtiyatlarının idarə olunması üçün transsərhəd su
əməkdaşlığının gücləndirilməsi” layihəsinin həyata keçirilməsi
məqsədilə texniki yardım kimi 960 min ABŞ dolları ayıra bilər.

Bu barədə Trend
AİB-a istinadən xəbər verir.

Regional təşəbbüs Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğız
Respublikası, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatə
edir.




CAREC-in su sahəsi 2017-ci ildə CAREC 2030 strategiyası
çərçivəsində təqdim olunub və su qıtlığı, onun səmərəli istifadəsi
ilə bağlı problemlərin həlli üçün platforma rolunu oynayır. 2019-cu
ildə Daşkənddə keçirilmiş CAREC iclasının yekunlarına əsasən,
proqram tərəfdaşları və AİB su sahəsinin formalaşdırılması üçün
tədqiqat işlərinin aparılmasına dair razılıq əldə ediblər. 2020-ci
ildə isə Mərkəzi Asiyada iqlim dəyişikliyi, iqtisadi amillər və
davamlı maliyyələşdirmə nəzərə alınmaqla su ehtiyatlarının idarə
olunmasının təkmilləşdirilməsinə yönəlmiş kiçikmiqyaslı regional
texniki yardım təsdiqlənib.

Su sahəsi üzrə işçi qrupunun ilk görüşü 2024-cü il iyunun
17–18-də İstanbulda keçirilib. İkinci görüş isə virtual formatda
keçiriləcək və burada regional təşəbbüslərin layihəöncəsi
tədqiqatları üzrə məlumatların yenilənməsi, su-enerji balansının
modelləşdirilməsi sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərinin
müzakirəsi, həmçinin yeni texniki yardım proqramının təqdimatı
nəzərdə tutulur.

Görüşdə CAREC iştirakçı ölkələrinin milli əlaqələndiriciləri,
regional institutlar, AİB nümayəndələri və texniki yardım üzrə
məsləhətçilər iştirak edəcəklər. Onların təklifləri su əməkdaşlığı
sahəsində birgə layihələrin hazırlanmasının davam etdirilməsi və
həyata keçirilməsi üçün əsas olacaq.