
Bakı. Trend:
Suverenlik hər bir xalq və cəmiyyət üçün ən qiymətli
mənəvi sərvətdir. Təsadüfi deyil ki, bəşər tarixi bu sərvətin əldə
edilməsi uğrunda aparılan mübarizələrlə doludur. Azərbaycanın xalqı
da zəngin suverenlik irsinə malikdir. Müxtəlif tarixin mərhələlərdə
azadlığımızın itirilməsinə baxmayaraq, xalqımız heç vaxt öz
suverenliyi uğrunda mübarizədən geri çəkilməyib.
Azərbaycan müasir tarixində də suverenliklə bağlı hadisələr
çoxdur və bunlardan biri 2023-cü ilin antiterror tədbirləri
nəticəsində bütün ərazilərimiz üzərində milli suverenliyimizin tam
təmin olunmasıdır.
Məlum olduğu kimi, Azərbaycanın tarixi torpağı olan Qarabağ
bölgəsi hələ sovet dövlətinin mövcud olduğu ötən əsrin 80-ci
illərinin sonlarından erməni separatizminin girovuna çevrilmiş, bu
ərazi üzərində respublikamızın suverenliyi pozulmuşdu. 1991-ci ildə
isə Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq kimi
mənfur plana uyğun olaraq, erməni separatçıları Qarabağda qondarma
respublikanın yaradıldığını elan etmişdilər. Həmin dövrdən etibarən
Qarabağ cinayətkar hərbi dəstələrin fəaliyyəti, narkoticarət silah
alveri və digər qanunsuz fəaliyyət növləri üçün münbit şəraiti olan
nəzarətsiz zona idi. Qanunların, beynəlxalq hüquq normalarının
işləmədiyi, separatçıların və müharibə canilərinin idarə etdiyi bu
ərazidən torpaqlarımızın işğal altında olduğu illərdə yalnız çirkin
məqsədlər üçün istifadə edilirdi. Qədim yurd yerimiz olan Xankəndi
şəhərini isə separatçılar terror və məkr yuvasına çevirmişdilər.
Ona görə ermənilər nə qədər çalışsalar da, nə qədər cəhdlər
göstərsələr də işğal altında saxladıqları dövrdə Qarabağı
beynəlxalq səviyyədə nə erməni torpağı, nə nə sivil ünvan kimi
tanıtdıra bildilər.
Vətən müharibəsindən sonra isə üçtərəfli Bəyanatın müddəalarına
zidd olaraq Qarabağda separatçıların mövcudluqlarını davam
etdirmələri regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyinə
çevrilmişdi. Belə ki, separatçılar hərbi təxribatlarla sülh
prosesini sabotaj etməyə, kommunikasiyaların açılmasını
əngəlləməyə, regionun problemlərinin həlli və inkişafı ilə bağlı
bütün səyləri heçə endirməyə çalışırdılar. Bu məqsədlə 44 günlük
müharibədən ötən 3 il ərzində qondarma rejimin qeyri-qanuni
dəstələri dəfələrlə Azərbaycan Ordusunun mövqelərinə və mülki
vətəndaşarımıza qarşı çoxsaylı təxribatlar həyata keçirdilər.
Həmçinin, ərazilərimizi minalayır, yeni hərbi obyektlər yaradır,
Ermənistandan Qarabağa silah-sursat daşıyırdılar.
Suveren dövlətin daxilində qondarma bir rejimin olması tamamilə
qəbuledilməzdir. Beynəlxalq hüquq da separatçı rejimlərin
mövcudluğunu tanımır. Bu baxımdan Vətən müharibəsində qalib gəlmiş
Azərbaycan dövləti də öz ərazisində milli suverenliyini pozan
separatçı rejiminin olmasına heç vaxt yol verə bilməzdi. Bu
qanunsuz fəaliyyətin yolverilməzliyi və qarşısının sərt şəkildə
alınacağı ilə bağlı Azərbaycanın xəbərdarlıqları isə separatçı
rejimin ünsürləri tərəfindən nəinki qulaqardına vurulurdu, hətta
onlar respublikamızı təhdid edirdilər.
Hələ 2023-cü il aprelin 23-də Laçın rayonunda Ermənistanla şərti
sərhəddə sərhəd-buraxılış məntəqəsinin yaradılması bütün
ərazilərimiz üzərində milli suverenliyimizin təmin olunmasının ilk
addımlarından biri idi. Eyni zamanda bu, hakimiyyətin aliliyinin və
nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi
istiqamətində atılan mühüm addım idi. Buraxılış məntəqəsinin
qurulması ilə Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınmış
bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, başqa
cür desək, ərazi bütövlüyünü təmin etdi.
Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, separatçılar
tərəfindən törədilən genişmiqyaslı təxribatların qarşısının
alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah
edilərək ərazilərimizdən çıxarılması məqsədilə 2023-cü il
sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirlərinin
nəticəsində isə bütün ərazilərimiz üzərində suverenliyimizin bərpa
olunması prosesi uğurla başa çatdırıldı. Beləliklə, 2020-ci ilin
Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edən cənab
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə
bu dəfə Qarabağ bölgəsində respublikamızın Konstitusiya quruluşu,
hakimiyyətin aliliyi və nəzarət funksiyası şəkildə bərpa olundu.
Bununla da Azərbaycan dövləti özünün bütün əraziləri üzərində milli
suverenliyini tam təmin etdi. Ona görə bu hadisə Azərbaycanın
dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab
edilir.
Böyük qürurla qeyd etməliyik ki, bütün ərazilərimiz üzərində
milli suverenliyimizin tam təmin olunduğu 20 sentyabr tarixi
təqvimə Dövlət Suverenliyi Günü kimi həkk olunub. Prezident İlham
Əliyevin «Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün
təsis edilməsi haqqında» 19 sentyabr 2024-cü il tarixli sərəncamı
ilə 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində
qanunun aliliyinin təmin olunduğunu və dövlət suverenliyinin bərpa
edildiyini nəzərə alaraq, sentyabrın 20-si respublikamızda Dövlət
Suverenliyi Günü kimi qeyd edilir.
Dövlət başçısının bu sərəncamı Azərbaycanın 1991-ci ildə
müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya
nöqtəsi olan ərazi bütövlüyümüz uğrunda milli mübarizənin rəmzi
yekununu əks etdirir. Bunun əlamətdar hadisə kimi təqvimdə rəsmi
yer alması isə Azərbaycan xalqının öz milli haqqı uğrunda mübarizə
aparmasını dünyaya bəyan edir, şərəfli tariximizi gələcək
nəsillərimizə ötürür.
Artıq 5 ildir ki, Azərbaycan Respublikası Prezident İlham
Əliyevin müdrik rəhbərliyi ilə yeni tarixi mərhələyə qədəm qoyub.
Bu mərhələnin reallıqları torpaqlarımızın işğaldan azad edilməsi,
milli suverenliyimizin tam təmin olunmasıdır. Ən əsası həm də odur
ki, heç bir qüvvə, heç bir məkrli fəaliyyət Azərbaycanın
suverenliyinə və yaratdığı yeni reallıqlara təhdid doğura bilməz.
Dövlət Suverenliyi Günümüz mübarək olsun!
Xanlar Fətiyev,
Milli Məclisin deputatı