
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının
Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni
yaşayış binalarında mənzillərin ms.sosial.gov.az portalı üzərindən
onlayn satışı davam edir.
Trend
xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.
Bildirilib ki, Mənzillər 3 və 4 otaqlıdır, tam təmirlidir,
istifadə olunmayıb və çıxarışlıdır. Onları banklara müraciət
etməklə ipoteka krediti ilə də almaq olar.
Ümumilikdə 1080-dək mənzil satılır və satışdan əldə olunan
vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə
əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına
yönəldiləcək.
Mənzillərdən almaq istəyən şəxslərə qeyd edilən portala daxil
olaraq mənzillərlə tanış ola, almaq istədiyi mənzili seçərək, onu
portaldakı “Bron et” düyməsini sıxmaqla bron edə bilər.
(Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin
autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA
rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron
imza) birinə malik olmalıdır).
Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır,
ondan əlavə 2 şəxsin də həmin mənzili bron etmək imkanı var.
Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdiyi
halda, mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir.
Mənzili bron etmiş şəxslə Nazirlik arasında 10 gün müddətində
dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq
edilmiş alqı-satqı müqaviləsi bağlanır.
Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda
mənzil ala bilər.
Qeyd edək ki, mənzillərin qiyməti müstəqil qiymətləndirici
tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib.
Əlavə məlumat əldə etmək üçün 142-Çağrı Mərkəzinə müraciət edə
bilərsiniz.