
Bakı. Trend:
Qarabağ Enerji Strategiyasına uyğun olaraq regionda müasir
infrastruktur qurulub. Belə ki, Xankəndinin dayanıqlı enerji
təminatı üçün tam qapalı tipli 110/35/10 kV-luq “Xankəndi-1”
yarımstansiyası tikilib və artıq istismara hazırdır. “Şuşa”
yarımstansiyasından buraya 12 km uzunluqda ikidövrəli xətt çəkilib,
şəhərin 1,8 km-lik hissəsi isə yeraltı kabel vasitəsilə təmin
olunub.
Bu barədə Trend “AzərEnerji”yə istinadın xəbər verir.
Bildirilib ki, antiterror əməliyyatından cəmi 4 gün sonra
Xankəndi və ətraf ərazilər Ermənistan enerjisistemindən ayrılaraq
110 kV “Şuşa” yarımstansiyası vasitəsilə ölkə enerjisisteminə
qoşulub və beləliklə, 30 illik işğaldan sonra azad edilmiş regionda
Azərbaycan işığı yanıb. Ümumilikdə isə antiterror tədbirlərindən
keçən 2 il müddətində ölkə başçısının tapşırığına uyğun olaraq
Xankəndi, Xocalı, Ağdərə və Xocavənd rayonlarında “AzərEnerji”
tərəfindən irimiqyaslı tikinti və yenidənqurma işləri həyata
keçirilib.
Belə ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş, işğal
müddətində baxımsız vəziyyətdə saxlanılmış 50 MVt gücündə “Sərsəng”
Su Elektrik Stansiyasında təcili təmir-bərpa işləri aparılaraq
2023-cü ilin oktyabr ayının əvvəllərində stansiya işə salınıb.
Həmçinin Ağdərə rayonunda 10 MVt gücündə “Həsənriz”, 3 MVt gücündə
“Torağay-1”, 5,9 MVt gücündə “Torağay-2”, 5 MVt gücündə
“Torağay-3”, 0,8 MVt gücündə“Torağay-4” kiçik su elektrik
stansiyaları təmir-bərpa edilərək işə qoşulub.
Qeyd edilib ki, 110 kV “Xankəndi-1” yarımstansiyasından 110 kV
“Ağdam Qovşaq” və “Həsənriz” yarımstansiyaları istiqamətində
yeraltı kabel tunelləri tikilib.
Eyni zamanda vurğulanıb ki, Xankəndi Şəbəkə Sahəsinin işçi
heyəti yerli əhalidən seçilərək xüsusi təlim kurslarından sonra işə
cəlb olunub: “Həmçinin Kəlbəcər istiqamətində üçüncü dairəvi enerji
təchizat xətti qurulub. Bu məqsədlə Daşkəsən–Kəlbəcər,
Kəlbəcər–Qorçu istiqamətində yeni 110 kV-luq xətlər çəkilib,
həmçinin Kəlbəcər–Həsənriz marşrutu üzrə Ağdərəyə qədər 16,7 km-lik
xətt tamamlanıb”.
“Tərtərçay üzərində 14,7 MVt gücündə “Qozlukörpü” Kiçik Su
Elektrik Stansiyası inşa olunub, tikinti-quraşdırma işləri başa
çatdırılıb və hazırda son sazlama mərhələsindədir”, – deyə
məlumatda qeyd edilib.