Baş prokuror Kamran Əliyev Uqanda Respublikasının Dövlət prokurorluğunun direktoru ilə görüşüb

Baş səhifə

Bakı. Trend:

Uqanda Respublikasının Dövlət Prokurorluğunun direktorunun
rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Trend xəbər verir ki, bu barədə Baş prokurorluq
məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi və
institusional islahatlar, xüsusilə şəffaflıq, hesabatlılıq və
korrupsiyaya qarşı mübarizə sahəsində atılan məqsədyönlü addımlar
beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu
kontekstdə Azərbaycan Prokurorluğu beynəlxalq əməkdaşlığın
genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqi
istiqamətində fəal siyasət həyata keçirir.

Bu çərçivədə, Uqanda Respublikasının Dövlət prokurorluğunun
direktoru Odumbi Ceyms Overin rəhbərlik etdiyi nümayəndə heyəti
ölkəmizdə səfərdədir.

Sentyabrın 20-də Baş prokuror Kamran Əliyev Odumbi Ceyms Overin
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə Azərbaycan ilə Uqanda arasında qarşılıqlı dəstək və
müxtəlif sahələrdə, o cümlədən hüquqi əməkdaşlıqla bağlı
möhkəmlənən yüksək səviyyəli tərəfdaşlıq münasibətləri xüsusilə
vurğulanıb.




Azərbaycanın “ASAN xidmət” modelinin Uqandada uğurla tətbiqindən
söz açan Baş prokuror Kamran Əliyev Qoşulmama Hərəkatı (QH)
çərçivəsində ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığın
mövcudluğunu vurğulayıb.

Bundan başqa, Baş prokuror Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sədrliyi və təşəbbüskarlığı ilə ölkəmizin QH-nin son
sədri kimi Uqanda ilə Hərəkatın prinsiplərinin təşviqində sıx
əməkdaşlıq etdiyini qeyd edib, eləcə də hazırda Uqandanın QH-ın
sədri olduğu dövrdə də bu əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd
edib.
Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Odumbi
Ceyms Over təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına
böyük önəm verdiyini qeyd edərək, iki ölkənin prokurorluq orqanları
arasında əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə edib.

Sonda Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Uqanda
Respublikasının Baş Prokurorluğu arasında Anlaşma Memorandumu
imzalanıb.

Tərəflər imzalanmış Anlaşma Memorandumunun institusional
münasibətlərdə tarixi mərhələ təşkil etdiyini vurğulayaraq Anlaşma
Memorandumunun prokurorluqlar arasında əlaqələrin inkişafına töhfə
verəcəyinə əminliklərini ifadə edib.

Qonaqlar, həmçinin Baş Prokurorluğun Tarix muzeyi ilə tanış
olub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı eksponatlar barədə
ətraflı məlumat verilib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.