Xaçmazda Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Baş səhifə

Xaçmaz.Trend:

Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində
“20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü”
ilə əlaqədar tədbir keçirilib.

Trend xəbər
verir ki, bu barədə Xaçmaz rayon İcra hakimiyyətindən məlumat
verilib.

Bildirilib ki, Tədbir iştirakçıları əvvəlcə Xaçmaz şəhərinin
mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə
gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla
yad ediblər.

Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.




Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19
sentyabr tarixli Sərəncamına əsasən, hər il 20 sentyabr tarixinin
Dövlət Suverenliyi Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. O,
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan
edilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsində əldə olunan tarixi
Qələbə və 2023-cü il sentyabrın 19–20-də keçirilən uğurlu
antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və
suverenliyi tam təmin edilib. Beləliklə, Azərbaycan
Konstitusiyasının hüquqi qüvvəsi və dövlət suverenliyi işğaldan
azad olunmuş bütün ərazilərdə bərpa olunub.

Digər çıxış edənlər – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rəisi Ceyhun Əsədov, Vətən
müharibəsi qazisi, mayor Tariyel Didarov, müharibə veteranı
Qəhrəman Qasımov və şəhid Tural Ağcabəyovun həyat yoldaşı Turanə
Ağcabəyova – bu əlamətdar günün Azərbaycanın dövlətçilik tarixində
xüsusi önəm daşıdığını, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan
dövlətinin hazırda müstəqilliyinin ən şanlı dövrünü yaşadığını
vurğulayıblar.

Sonda suverenliyimizə həsr olunmuş “Səbrin sonu” filmi nümayiş
etdirilib.