
Bakı. Trend:
“Avropa Mobillik Həftəsi” çərçivəsində Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyi, Azərbaycan Velosiped Federasiyası və “APAR”
şirkətinin təşkilatçılığı ilə veloyürüş keçirilib.
Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.
Bildirilib ki, məqsəd ekoloji nəqliyyat vasitəsi olan
velosipedin təbliğini aparmaq və ətraf mühitin qorunmasına töhfə
verməkdir.
İştirakçılar Parlament və Hüseyn Cavid prospektlərində salınan
mikromobillik zolaqlarının imkanlarından yararlanıblar.
Başlanğıcını Şəhidlər Xiyabanından götürən veloyürüş Hüseyn Cavid
parkında yekunlaşıb. Tədbir iştirakçılararına sertifikatlar təqdim
olunub və onlar sentyabrın 21-də təşkil ediləcək “Avtomobilsiz
Gün”ə dəvət olunublar.
Qeyd edək ki, “Avropa Mobillik Həftəsi” Avropa Komissiyasının
dayanıqlı şəhər hərəkətliliyi mövzusunda maarifləndirmə
kampaniyasıdır. AYNA Bakı şəhərində “Avropa Mobillik Həftəsi”nə
müraciət edib və namizədliyi uğurla təsdiqlənib. Bu istiqamətdə
16-22 sentyabr tarixlərində davamlı hərəkətliliyə yönələn tədbirlər
keçirilir və “Avtomobilsiz gün” ilə yekunlaşır.
Xatırladaq ki, “Avtomobilsiz gün” 21 sentyabr tarixində Məhəmməd
Naxçıvani küçəsində təşkil olunacaq. Burada müxtəlif zonalarda
operatorlar tərəfindən velosiped və skuterlər nümayiş etdiriləcək,
əhali üçün test sürüşləri və təlimlər keçiriləcək. “Nəqliyyat və
ətraf mühit” mövzusunda keçirilən rəsm müsabiqəsi qaliblərinin
işləri sərgilənəcək. Asfalt üzərində uşaqların rəsm çəkmək
bacarıqları yoxlanılacaq. Hər kəs bu tədbirə dəvətlidir.