
Bakı. Trend:
2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan
Ordusu tərəfindən həyata keçirilən antiterror tədbirləri hər zaman
dövlətçiliyimizi şərəfləndirən hadisə kimi xatırlanacaq. Xalqımızın
növbəti tarixi zəfərinə çevrilən bu hərbi əməliyyat nəticəsində
Azərbaycanın Qarabağ bölgəsində kök salmış erməni separatizmi məhv
edildi. 30 ildən artıq separatçıların nəzarətində olduğu bu doğma
yurd yerimizdə dövlət suverenliyimiz tam bərpa olundu, Azərbaycan
Konstitusiyasının hüquqi qüvvəsi bərqərar edildi.
Bu baxımdan 20 sentyabr Azərbaycan xalqı üçün əlahiddə
tarixlərdən biridir. Elə buna görə də cənab Prezident İlham
Əliyevin sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan
Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edilib.
Sərəncamda qeyd olunduğu kimi Azərbaycan xalqı bu gün öz müstəqil
dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin,
şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz,
suverenliyimiz xalqımızın milli sərvətidir.
Azərbaycan dövləti 2023-cü ilin 20 sentyabrında erməni
separatizmi ilə yanaşı, Ermənistana və torpaqlarımızda ikinci
erməni dövlətinin yaradılması xülyasını dəstəkləyən Fransaya qalib
gəldi. Digər tərəfdən, Qarabağda erməni separatizminə son qoyulması
və Azərbaycanın dövlət suverenliyinin bərpa edilməsi regionda
sülhün təmin olunması üçün münbit zəmin formalaşdırdı. Möhtərəm
Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü
siyasətin nəticəsi kimi elə bir reallıq yarandı ki, Ermənistanın
sülh prosesindən yayınmaq, respublikamızın sülhlə bağlı
şərtlərindən imtina etmək imkanları əlindən alındı.
Odur ki, Azərbaycan xalqı sentyabrın 20-ni dövlətçiliyimizin və
müstəqilliyimizin tarixində əlahiddə yeri olan gün kimi
qarşılayır.
20 sentyabr tarixi respublikamızda həm də Xankəndi, Xocalı,
Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Çünki bu
şəhərlər 2023-cü il sentyabrın 20-də, antiterror tədbirlərinin
nəticəsində işğaldan və erməni separatizminin əsarətindən azad
edildi. Bu 4 şəhərin hər biri tarixi Azərbaycan yurdudur. Onların
hər biri xalqımızın zəngin tarixini yaşadan qədim irsə malikdir.
1988-ci ildən Qarabağda baş qaldıran erməni separatçıları Xankəndi
şəhərini özlərinin məkr yuvalarına çevirmişdilər. Xocalıda isə
ermənilər 1992-ci ildə xalqımıza qarşı soyqırımı cinayəti törətmiş,
613 nəfər günahsız azərbaycanlını qəddarlıqla qətlə
yetirmişdilər.
Azərbaycan xalqı hər zaman inanırdı ki, Prezident İlham Əliyevin
qətiyyətli siyasəti ilə digər şəhər və rayonlarımız kimi Xankəndi,
Xocalı, Xocavənd və Ağdərə də işğaldan azad olunacaq, bu şəhərlərdə
də respublikamızın konstitusion hüquqları bərpa ediləcək. Bu inam
heç vaxt xalqımızı tərk etmədi. Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyev 2023-cü ilin antiterror tədbirlərinin
nəticəsi olaraq xalqımızın bu inamını da reallığa çevirdi.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərnin işğaldan azad
olunması ilə hələ Birinci Qarabağ müharibəsində şəhid olmuş bütün
hərbçilərimizin və ermənilərin Xocalıda qətlə yetirdiyi dinc
vətəndaşlarımızın qisası alındı.
2023-cü il oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində,
Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının
ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması
böyük tarixi hadisələr kimi hər birimizə sonsuz qürur və fəxarət
hissi yaşatdı. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində
keçirilən Zəfər paradında çıxışında cənab Prezident İlham Əliyev bu
barədə deyib:
“Bir dəfə demişdim ki, Şuşasız bizim işimiz yarımçıq
olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız
bizim işimiz yarımçıq qalacaq. Üç il bundan əvvəl mən əmr verərək
Azərbaycan Ordusunu dayandırdım və bir daha demək istəyirəm, tarix
göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu
günə qədər – sentyabr ayına qədər hər gün biz işləyirdik,
çalışırdıq ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilsin.
Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və
Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük
xoşbəxtlik ola bilməz – həm mənim üçün, həm sizin üçün, həm
Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları
üçün”.
2020-ci ilin payızından işğaldan azad edilmiş ərazilərimizdə
başlayan bərpa və quruculuq işləri bu gün Xankəndi, Xocalı,
Xocavənd və Ağdərə şəhərlərini, o cümlədən Xocalı, Xocavənd və
Ağdərə rayonlarının qəsəbə və kəndlərini də əhatə edir. Artıq
Xocalı şəhərinə, habelə Xocalı rayonunun Təzəbinə, Ballıca,
Xanyurdu, Şuşakənd, Badara, Seyidbəyli, Daşbulaq kəndlərinə, Ağdərə
rayonunun Talış, Həsənriz, Suqovuşan, Kolatağ, Vəngli kəndlərinə,
Xocavənd rayonunun Hadrut və Qırmızı Bazar qəsəbələrinə, Sos
kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Böyük
Qayıdışın reallaşdığı bu şəhər və kəndlərin hər birində sakinlərin
rahat yaşayışı üçün hər cür şərait yaradılıb.
Qarabağdakı bərpa və quruculuğun möhtəşəm ünvanlarından biri də
Xankəndi şəhəridir. Öncə onu qeyd edim ki, bir vaxtlar Xankəndidə
separatçı rejim tərəfindən inşa edilən və şəhərin ümumi
arxitekturasını pozan binaların hamısı sökülüb. İndi Xankəndi
tarixi görkəmini özünə qaytarır, Azərbaycan şəhəri kimi yenidən
yüksəlir. 2023-cü ildə Zəfər paradının keçirildiyi Xankəndi bu gün
mötəbər beynəlxalq siyasi tədbirlərə, idman yarışlarına evsahibliyi
edir. Ötən ildən fəaliyyət göstərən Qarabağ Uniyversiteti isə
tələbələrin böyük həvəslə üz tutduqları ali təhsil
müəssisəsidir.
Xankəndidə Biznes Mərkəzinin, Konqres Mərkəzinin, “Bulud”,
“Qarabağ”, “Palace” hotellərinin, Nizami Gəncəvi adına 4 nömrəli
tam orta məktəbin, 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı,
Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabrikinin
fəaliyyətə başlaması şəhərin sürətli yüksəlişini özündə əks etdirən
quruculuq nümunələridir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin bərpası həm də
Prezident İlham Əliyevin quruculuq əzminin, Azərbaycanın qüdrətinin
nümayişidir. Bu əzmin və qüdrətin sayəsində sürətlə yenidən qurulan
Qarabağ əzəli Azərbaycan yurdu kimi tarixi şöhrətini özünə
qaytarır.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı