
Bakı. Trend:
Formula 1 Azərbaycan Qran Prisinin 2025-ci il sıralanma
mərhələsi şənbə günü tarixə düşdü və bu yalnız sürücülərə görə
deyildi. Bir sessiyada ümumilikdə altı dəfə qaldırılan qırmızı
bayraq Formula 1 tarixində ilk dəfə baş verdi. Trasda yaşanan
xaosun fonunda isə diqqət mərkəzinə marşallar çıxdılar.
Trend xəbər
verir ki, sürücülər poul mövqeyi uğrunda mübarizə apararkən
marşallar dəfələrlə müdaxilə edərək bolidləri trasdan çıxardılar,
dağıntıları təmizlədilər və baryerləri rekord müddətdə bərpa
etdilər.
Oskar Piastrinin 3-cü döngədəki qəzasından tutmuş Şarl Lekler,
Niko Hülkenberq, Pyer Qasli, Franko Kolapinto və Aleks Albonun
insidentlərinə qədər marşallar dözümlülük və dəqiqliklərinin ən
çətin sınağından keçdilər.
Altı dəfə dayandırılan sessiyaya baxmayaraq, marşallar hər
müdaxiləni yüksək səmərəliliklə idarə etdilər. Onlar bolidlərin tez
bir zamanda trasdan uzaqlaşdırılmasını təmin etdilər, trası
təhlükəsiz vəziyyətə gətirərək yarışın davam etməsinə şərait
yaratdılar. Onların operativ reaksiyası sayəsində təxminən iki saat
davam edən sıralanma mərhələsi nəzarət altında saxlanıldı və
komandalar poul uğrunda mübarizəni davam etdirmək imkanı
qazandılar.
Ümumilikdə, marşallar zədələnmiş 6 bolidin tam bərpasını həyata
keçirdi, 1-ci, 3-cü, 4-cü və 15-ci döngələrdə baryerləri yoxlayıb
bərpa etdilər və hər qırmızı bayraqdan sonra trasın
təhlükəsizliyini bərpa etmək üçün dağıntıların təmizlənməsini
təşkil etdilər.
Nəticədə poul qazanan Maks Ferstappen sıralanmanı “uzun və
xaotik” adlandırsa da, marşalların peşəkarlığı sayəsində sessiya
təhlükəsiz və ədalətli şəkildə başa çatdı.
Formula 1 Azərbaycan Qran Prisi 2025 artıq gözlənilməz
hadisələri ilə tanınır. Yenə də sübut olundu ki, portağal,
bənövşəyi və yaşıl geyimdə olan komanda ən çətin anlarda bu idmanın
əsas dayağıdır.