
Bakı. Trend:
18-19 sentyabr tarixlərində Türkmənistanın Avaza şəhərində
Türkmənistan İnvestisiya Forumu keçirilib.
Trend xəbər verir ki,
müxtəlif dövlətlərin, xarici qurumların nümayəndələrinin, iş
adamlarının iştirakı ilə keçirilən forumda ölkələrin iqtisadi
potensialının təqdimatı keçirilib, beynəlxalq tərəfdaşlıq və
investisiya əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə
olunub. Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib
Ələkbərov təmsil edib.
Forum çərçivəsində təşkil edilən “Türkmənistanın investisiya
cəlbediciliyi strateji səmərəlilik amili kimi” plenar sessiyasında
iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov çıxış edib. O qeyd
edib ki, Azərbaycan və Türkmənistanın dövlət başçıları arasında
yüksək səviyyəli etimad və qarşılıqlı anlaşma ölkələrimizin
əməkdaşlığının gücləndirilməsində xüsusi əhəmiyyət kəsb edir.
Türkmənistan və Azərbaycan mühüm birgə layihə və təşəbbüslər həyata
keçirir. Ölkələrimiz arasında əməkdaşlıq Orta Dəhlizin
səmərəliliyinin artırılmasında önəmli rol oynayır.
Azərbaycan-Türkmənistan tranzit daşımaları istiqamətində son illər
artım müşahidə olunur. 2025-ci ilin ilk yeddi ayında tranzit
daşımalarının həcmi 1,28 milyon tona çatıb ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə 13% çoxdur. Bu nəticələr nəqliyyat və
logistika sektorunda işbirliyinin gücləndiyini əyani şəkildə
nümayiş etdirir.
Forumda Azərbaycanın əlverişli işgüzar mühiti, azad edilmiş
ərazilərdə aparılan böyük tikinti-quruculuq işləri və investorlar
üçün yaradılan imkanlar, tətbiq edilən güzəştlər, ölkənin strateji
nəqliyyat və logistika infrastrukturu, Zəngəzur dəhlizinin
perspektivləri, Ələt Azad İqtisadi Zonasının və sənaye zonalarının
investisiya potensialı barədə məlumat verilib. Nazir müavini
enerji, ticarət, qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat,
kənd təsərrüfatı və s. sahələrdə birgə fəaliyyətin
genişləndirilməsi imkanlarını qeyd edib.