
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış
binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal
əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə
xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli
yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə baş
vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsnə
imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 50 m² olan ikiotaqlı mənzilin
yanar konstruksiyaları, onuncu mərtəbədə yerləşən mənzilin
eyvanında kombi aparatının boruları, 1 m² sahədə məişət
tullantıları, həmçinin onbirinci mərtəbədə yerləşən mənzilin
eyvanında 1 m² sahədə məişət tullantıları yanıb.
Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə
olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində 25 nəfər bina sakini
təxliyə olunub.
Xəsarət alan yoxdur.