
Bakı. Trend:
İmadəddin Nəsimi yaradıcılığına həsr olunan bədii proqramın və
yeni quruluşda “Nəsimi dastanı” baletinin son məşqləri gedir.
Trend xəbər verir ki,
sentyabrın 24-də Nəsimi fesitvalı çərçivəsində Şamaxıdakı Nəsimi
Bağları Kompleksində təqdim ediləcək bədii proqramda ilk əvvəl
F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının
təqdimatında “Sufi” rəqsi nümayiş olunacaq.
Daha sonra Əməkdar artist Sevda Ələkbərzadə “Mərhaba, xoş
gəldin” deyəcək.
Tanınmış müğənni Çingiz Mustafayev və türkiyəli yazar, musiqiçi
Hakan Mengüçun ifasında “Qafil, oyan” səslənəcək.
Xalq artistləri Alim Qasımov, Natiq Şirinov və “Natiq” ritm
qrupu, tanınmış müğənni AISEL, əməkdar artist Elnur Mikayılov
(kamança), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellasının təqdimatında
isə “Dönməzəm” dinləniləcək.
Bədii proqram dahi bəstəkar Fikrət Əmirovun ölməz əsəri –
“Nəsimi dastanı” baletinin yeni quruluşda nümayişi ilə başa
çatacaq. Balet Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
Simfonik Orkestrinin müşayiəti ilə balet truppasının ifasında
nümayiş olunacaq.
Bu təqdimatı özünəməxsus edən isə Şamaxıda yeni ucaldılan
möhtəşəm Nəsimi abidəsinin onündə baş tutması olacaq.
Builki Nəsimi festivalılı 23-25 sentyabr tarixlərində Heydər
Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun
tərəfdaşlığı ilə keçiriləcək.

