
Bakı. Trend:
Azərbaycan Prezidentinin imzaladığı Fərmana uyğun olaraq
Nazirlər Kabineti valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi
təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil
müəssisələrini bitirdikləri zaman 2600 manat birdəfəlik müavinətin
ödənilməsi qaydalarını təsdiq edib.
Trend xəbər verir ki, bunu Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar
Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, yeni qaydalara əsasən, həmin vətəndaşlarımız
təhsil pillərini başa vuran zaman dövlət büdcəsindən maliyyə
dəstəyi əldə edəcəklər:
“Qeyd edək ki, əvvəllər həmin şəxslər mövsümi paltar və
ayaqqabı, habelə ölkə üzrə orta əmək haqqının 2 mislindən az
olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurdular. Son
Fərmanla müavinət məbləğində artımlar həyata keçirilməklə yanaşı,
həmçinin vəsait də dəqiqləşdirilir.
Bu müavinətin ödənilməsində məqsəd valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqlarln, habelə onların
arasından olan şəxslərin sosial təminatını daha
gücləndirməkdir”.
Millət vəkilinin sözlərinə görə, vəsaiti necə almağa gəldikdə
isə bu müavinət hər bir təhsil müəssisənin büdcəsinə daxil
edilir.
“Bu o deməkdir ki, həmin vətəndaşlarımız təhsillərini başa vuran
zaman həmin müəssisəyə müraciət etməklə bu müavinəti ala bilərlər.
Məsələn, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum
olmuş uşaqlar, habelə onların arasından olan şəxslər peşə təhsili
müəssisəni və ya universiteti təhsil alırsa, təhsilini başa vuran
zaman yerində müraciət edərək həmin pulu ala bilirlər. Bu proses
qısa müddət tələb edir və bir neçə gün ərzində müavinətin əldə
edilməsi mümkündür”,- deputat əlavə edib.