
Bakı. Trend:
Dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə
“brutto müqavilə” sistemi tətbiq ediləcək.
Trend xəbər
verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)
İdarə Heyətinin sədri Anar Rzayev
Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm
sərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına
həsr edilən brifinqdə bildirib.
O bildirib ki, “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən
beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə Bakı şəhərinin inzibati
ərazisinin və Abşeronun avtobus marşrut şəbəkəsinin
qiymətləndirilməsi həyata keçirilib:
“Müəyyən edilib ki, Bakı və Abşeron ərazisini əhatə edən marşrut
şəbəkəsinin inteqrasiyası zəifdir, təkrar marşrutlar mövcuddur və
şəhər əhalisinin 17%-nin avtobus şəbəkəsinə çıxışı məhduddur.
Avtobus marşrut şəbəkəsinin optimallaşdırılması məqsədilə şəbəkə
yenidən işlənilib, marşrutlarda avtobusların sayları və hərəkət
intervalları qiymətləndirilib”.
Sədrin sözlərinə görə, yeni avtobus şəbəkəsinin tətbiqi ilə
avtobusla sərnişindaşıma sistemində avtobuslara olan tələbatın 2800
ədəd olacağı gözlənilir:
“Avtobus parkının yaxın bir neçə il ərzində yenilənməsi üçün
gərəkli investisiyanın sadə biznes model əsasında fəaliyyət
göstərən və maliyyə dayanıqlığına malik olmayan operatorlar
tərəfindən qarşılanması qeyri-mümkündür. Bu xüsusda Bakı və Abşeron
ərazisində ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini davamlı
olaraq yüksək səviyyədə saxlamaq və avtobus parkının yenilənməsi
üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə
“brutto müqavilə” sistemi tətbiq ediləcək. Model çərçivəsində gediş
haqqının ödənilməsindən əldə edilən gəlir tənzimləyici qurumda
toplanacaq, daşıyıcı tərəfindən göstərilən xidmət üçün ödənişin bir
hissəsi bu vəsaitdən, çatışmayan hissəsi isə dövlət tərəfindən
ayrılan vəsait hesabına qarşılanacaq”.