İran və Azərbaycan yeni enerji layihələri hazırlayır – Səfir Muctaba Dəmirçilu (ÖZƏL MÜSAHİBƏ) (FOTO)

Baş səhifə

Bakı. Trend:

İran Azərbaycanla illik ticarət dövriyyəsini iki istiqamətdə
artırmağı hədəfləyir və iki ölkə arasında ticarət əlaqələri inkişaf
etməkdədir.

Bunu Trend
özəl müsahibədə İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu
deyib.

Onun sözlərinə görə, birincisi, dövlət səviyyəsində İran və
Azərbaycan arasında Birgə İqtisadi Komissiyasının iclaslarının
keçirilməsidir. Bu iclaslar vasitəsi ilə logistik planlar kimi
ticarəti sadələşdirən layihələr çərçivəsində addımların atılması
böyük əhəmiyyət kəsb edir. İki ölkə arasında Dövlətlərarası Birgə
İqtisadi Komissiyanın son iclası Tehranda təşkil olunub və bu
format çərçivəsində əlaqələri və ticarətin artımına nail olmaq
mümkündür.

İran səfiri əlavə edib ki, ikinci istiqamət iki ölkənin iş
adamlarının qarşılıqlı olaraq bir-birlərinin potensialı və
imkanları ilə tanış olmasıdır. Bu da ticarət dövriyyəsinin
artmasına öz töhfəsini verə bilər.

“Bu çərçivədə iş adamlarının qarşılıqlı səfərlərinin artması,
keçidlərin sadələşdirilməsi, iki ölkə arasında uçuşların artması
kimi önəmli addımları qeyd etmək mümkündür”, – deyə o qeyd
edib.

Dəmirçilu bildirib ki, 2024-cü ildə İran və Azərbaycan arasında
ticarət dövriyyəsi 2023-cü ilə nisbətdə 34% artaraq 647 milyon
dollara yüksəlib. Lakin təbii ki, bu səviyyədə ticarət dövriyyəsi
gözləntilərə uyğun deyil. İran maliyyə və bank sahəsində maneələrin
aradan qaldırılması, tranzit və yükdaşımanın sadələşdirilməsi və iş
adamları arasında əlaqələrin artırılması ilə iqtisadi münasibətləri
inkişaf etdirməyə çalışır.

İran və Azərbaycan arasında enerji sektorunda ikitərəfli
və çoxtərəfli əməkdaşlıq layihələri müəyyənləşib

Səfir bildirib ki, iki ölkə arasında ikitərəfli və çoxtərəfli
əməkdaşlıq layihələrinin tənzimlənməsi üzrə işlərin tezliklə başa
çatdırılacağı gözlənilir.

Dəmirçilu əlavə edib ki, layihələrdən Xəzər dənizində neft
rezervuarında əməkdaşlıq anlaşmasının icrası,
İran-Azərbaycan-Rusiya arasında elektrik şəbəkəsinin
sinxronlaşdırılması, Rusiya qazının Azərbaycan vasitəsi ilə İrana
nəql olunması, Azərbaycan-İran-İraq arasında qaz svopu,
Azərbaycan-İran-Pakistan arasında qaz və elektrik svopunu qeyd
etmək olar.

“Enerji sektoru İran və Azərbaycan münasibətlərinin inkişafında
böyük əhəmiyyət kəsb edir. İran və Azərbaycanın bu sahədə çox yaxşı
münasibətləri var”, – deyə o qeyd edib.

İran səfiri qeyd edib ki, İran Azərbaycanın enerji sektorunda
çox yaxşı səviyyədə investisiya yatırıb. Eyni zamanda Türkmənistan
qazının Azərbaycana svopu, Azərbaycan qazının Naxçıvana svopu iki
ölkənin qaz sektorunda ümidverici əməkdaşlığını əks etdirir.

“İki ölkə Araz çayı üzərində birgə şəkildə istismar edilməsi
üçün hidroqovşaqlar inşa edib və yaxın gələcəkdə həmin
hidroqovşaqlarda Su Elektrik Stansiyaları tikiləcək”, – deyə o qeyd
edib.

İran, Azərbaycan və Rusiya elektrik mübadiləsi üzrə
detallar üzərində işləyir




Dəmirçilu bildirib ki, hazırda İran, Azərbaycan və Rusiyanın
elektrik şəbəkəsinin sinxronlaşdırılması istiqamətində detallar
üzərində işlənməkdədir. Üç ölkədə rəhbərlik səviyyəsində elektrik
mübadiləsinə razılıq var.

Səfir deyib ki, İranın “Monenko” şirkəti bu elektrik mübadiləsi
ilə əlaqədar tədqiqat işlərini başa çatdırıb və öz hesabatlarını
hazırlayaraq tərəflərə təqdim edib. Bu hesabatlar əsasında elektrik
şəbəkələrinin sinxronlaşdırılması imkanı var.

“Elektrik şəbəkələrinin sinxronlaşdırılması üç ölkənin elektrik
şəbəkəsinin təhlükəsizliyini artıra və 3-cü tərəfə elektrik
ixracını imkanını yarada bilər”, – deyə o qeyd edib.

Dəmirçilu əlavə edib ki, may ayında İranın Energetika
Nazirliyinin yüksək səviyyəli heyəti bununla əlaqədar Bakıya səfər
edib. Səfər çərçivəsində enerji sahəsində əməkdaşlıq yolları və
xüsusilə İran, Azərbaycan və Rusiya arasında elektrik şəbəkəsinin
sinxronlaşdırılması haqqında danışıqlar aparıb.

Araz çayı üzərində körpünün inşa işlərinin tezliklə başa
çatacağı gözlənilir

Onun sözlərinə görə, İran və Azərbaycan arasında Araz çayı
üzərində Ağbənd-Kəlalə bölgəsində tikilməkdə olan körpünün inşa
işlərinin ilin sonuna qədər başa çatdırılması qərara alınıb.
Hazırda bu körpünün tikintisində inşa işləri təxminən 63% başa
çatdırılıb.

Dəmirçilu əlavə edib ki, körpüdən sonra İran ərazisində Culfa
istiqamətində magistral yolun genişləndirilməsi üzrə işlər həyata
keçirilir. Kəlalədən Culfa istiqamətində magistral yolun
genişləndirilməsi üçün bir neçə tunel qazılmalıdır.

“Bu magistral yol İranın öz vəsaiti hesabına inşa olunur.
Beləliklə Azərbaycan vətəndaşları daha asan və daha etibarlı
şəkildə Naxçıvan və Azərbaycanın əsas hissəsi arasında səfər edə
biləcəklər”, – deyə o qeyd edib.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi İran və
Azərbaycanın mənafeyi istiqamətində fəaliyyət
göstərəcək

Səfir deyib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi tam
şəkildə istifadəyə verildiyi halda, həm İran, həm Azərbaycan, həm
də regionun digər ölkələrinin mənafeyi istiqamətində fəaliyyət
göstərəcək. Məlum olduğu kimi, Şimal-Cənub Beynəlxalq Nəqliyyat
Dəhlizinin İran ərazisində üç marşrutu var. Bu dəhlizin qərb
marşrutu Azərbaycandan keçməklkə İran və Rusiyanı bir-birinə
birləşdirir.

Dəmirçilu bildirib ki, hazırda Rusiyanın iştirakı ilə
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara
dəmiryolunun tikintisi istiqamətində işlər aparılır.

İranlı səfir əlavə edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat
Dəhlizinin Rəşt-Astara dəmiryolunun təkmilləşdirilməsindən əlavə
İran sərhəd-keçid məntəqələrində mövcud müəyyən maneələri aradan
qaldırmağa və gömrüklərdə keçidlərin sadələşdirməsinə çalışır.

“Başqa sözlə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin
potensialından istifadə etmək üçün infrastrukturlar diqqət
mərkəzində durmalı, üstəlik bununla yanaşı digər imkanları da
inkişaf etdirmək lazımdır”, – deyə o qeyd edib.