“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir

Baş səhifə

Bakı. Trend:

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları”
(AZAL) Maldiv adalarının milli aviaşirkəti “Maldivian” ilə strateji
tərəfdaşlıq haqqında müqavilə imzalayıb. Bu əməkdaşlıq AZAL
sərnişinləri üçün Maldiv adalarına səyahət imkanlarını daha da
genişləndirir.

Yeni tərəfdaşlıq çərçivəsində AZAL ilə uçan sərnişinlər Velana
Beynəlxalq Hava Limanından (MLE) ölkənin ən iri daxili şəbəkəsinə
sahib olan “Maldivian” aviaşirkəti vasitəsilə Maldiv adalarının 17
unikal istiqamətinə rahatlıqla səyahət edə biləcəklər. Əməkdaşlıq
iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, aviasiya və turizm
sahəsində qarşılıqlı inkişafın təşviqinə töhfə verir. Bu
tərəfdaşlıq, həmçinin AZAL-ın uçuş şəbəkəsini daha da
genişləndirərək Maldiv adalarını səyahətçilər üçün daha əlçatan
edir.




“Maldivian” ilə tərəfdaşlıq bizim üçün marşrut şəbəkəmizin
genişləndirilməsi və beynəlxalq mövcudluğumuzun gücləndirilməsi
istiqamətində mühüm addımdır. Bu əməkdaşlıq Azərbaycan və qonşu
ölkələrindən olan sərnişinlərimizə yeni və cəlbedici səyahət
imkanları yaradır, Maldiv adaları kimi dünyaca məşhur turizm
istiqamətini daha yaxın edir. Əminik ki, bu tərəfdaşlıq gələcəkdə
iki aviaşirkət arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün
möhkəm platforma rolunu oynayacaq”, — deyə “Azərbaycan Hava
Yolları”nın baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib.

Qeyd edək ki, Maldiv adalarının milli aviaşirkəti “Maldivian”
həm geniş daxili şəbəkəsi, həm də beynəlxalq uçuşların həyata
keçirilməsi ilə ölkənin aparıcı aviadaşıyıcısıdır. Aviaşirkət 17
yerli hava limanına, eləcə də Hindistan, Çin və digər beynəlxalq
istiqamətlərə reyslər yerinə yetirir. “Maldivian”, həmçinin dəniz
təyyarəsi xidmətləri də göstərir və bununla sərnişinlərin fasiləsiz
daşınmasını təmin edir.