
Bakı. Trend:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov ölkəmizdə səfərdə olan Gürcüstanın idman naziri
Şalva Qoqoladze və Gürcüstan nümayəndə heyəti ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Diasporla İş
üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, görüşdə Gürcüstanın idman nazirinin müavinləri,
DİDK-sədrinin müavini və hər iki tərəfdən digər rəsmi şəxslərin
daxil olduğu nümayəndə heyəti iştirak edib.
Gürcüstanda yaşayan azərbaycanlıların fəaliyyəti, onların
ölkənin müxtəlif sahələrinə, eləcə də Azərbaycanla Gürcüstan
arasındakı münasibətlərin inkişafına verdikləri töhfələr, gələcək
potensial layihələr, yeni əməkdaşlıq mexanizmləri və tərəfdaşlıq
imkanları barədə müzakirə aparılıb.
Qonaqları səmimi salamlayan Fuad Muradov iki ölkə arasında
dostluq və qardaşlıq münasibətlərinə diqqət çəkib, Prezident İlham
Əliyevin müəyyən etdiyi strateji prioritetlərə uyğun olaraq xarici
ölkələrdə həyata keçirilən layihələr, o cümlədən Azərbaycan Evləri,
Koordinasiya Şuraları, həftəsonu məktəbləri barədə ətraflı danışıb.
Bildirib ki, hazırda Gürcüstanda Azərbaycan Evləri də daxil olmaqla
9 mərkəz mövcuddur. Tbilisi, Bolnisi, Qardabani, Laqodexi, Rustavi,
Marneuli, Saqareco, Dmanisi və Sadaxlıda fəaliyyət göstərən
mərkəzlərdə həftəsonu məktəbləri, Azərbaycan və gürcü dili, idman
və bir sıra digər kurslar açılıb, eyni zamanda soydaşlarımıza
hüquqi yardım göstərilir. Hazırda mərkəzlərdəki kurslara gələnlərin
sayı 900-dən çoxdur və onların 300 nəfəri müxtəlif idman növləri
üzrə kurslarda iştirak edirlər. Mərkəzlərdə çeşidli tədbirlər
təşkil olunur, o cümlədən hər iki ölkənin önəmli günləri qeyd
edilir. Əlavə olunub ki, bu il 100-dən artıq azərbaycanlı gənc
Gürcüstanın nüfuzlu ali məktəblərinə qəbul olunub.
Əlavə edək ki, bu gün dünyanın 20 ölkəsində 31 Azərbaycan Evi
fəaliyyət göstərir.
Qeyd olunub ki, Gürcüstanda reallaşan layihələr, xüsusilə orta
və ali məktəblərə hazırlıq, eləcə də idman kursları
azərbaycanlıların təhsil imkanlarının, hüquqi biliklərinin
artırılmasında, idman və yüksək texnologiyalar sahəsində
bacarıqlarının inkişaf etdirilməsində xüsusi rol oynayır. Görüşdə
Gürcüstanda yaşayan azərbaycanlı gənclərin idmana böyük maraq
göstərdikləri, müxtəlif yarışlarda dəfələrlə qalib olduqları da
diqqətə çatdırılıb.
Şalva Qoqoladze səmimi qəbula görə təşəkkürünü bildirib və
komitənin azərbaycanlılara yönəlik layihələrinin gələcəkdə də davam
etdirilməsinin zəruri olduğunu dilə gətirib. Nazir bildirib ki,
Gürcüstanda yaşayan azərbaycanlılar ölkə əhalisinin mühüm hissəsini
təşkil edir, ölkənin maraqlarını qoruyur və Gürcüstana müxtəlif
sahələrdə qələbələr qazandırırlar. Nazir, həmçinin qarşılıqlı
səmərəli əməkdaşlığın bundan sonra da uğurlu davamına əminliyini
ifadə edib.
Görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların cəmiyyətə
inteqrasiyası, gürcü dilini dərindən öyrənmələri ilə bağlı müsbət
fikirlər səsləndirilib, Azərbaycanda yaşayan gürcülərə göstərilən
diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıq
edilib.

