İran və Azərbaycan arasında enerji sektorunda ikitərəfli və çoxtərəfli əməkdaşlıq layihələri müəyyənləşib – Səfir Muctaba Dəmirçilu (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq
layihələrinin tənzimlənməsi üzrə işlərin tezliklə başa
çatdırılacağı gözlənilir.

Bunu Trend-ə özəl
müsahibəsində İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu
deyib.

Dəmirçilu əlavə edib ki, layihələrdən Xəzər dənizində neft
rezervuarında əməkdaşlıq anlaşmasının icrası,
İran-Azərbaycan-Rusiya arasında elektrik şəbəkəsinin
sinxronlaşdırılması, Rusiya qazının Azərbaycan vasitəsi ilə İrana
nəql olunması, Azərbaycan-İran-İraq arasında qaz svopu,
Azərbaycan-İran-Pakistan arasında qaz və elektrik svopunu qeyd
etmək olar.

“Enerji sektoru İran və Azərbaycan münasibətlərinin inkişafında
böyük əhəmiyyət kəsb edir. İran və Azərbaycanın bu sahədə çox yaxşı
münasibətləri var”, – deyə o qeyd edib.

İran səfiri qeyd edib ki, İran Azərbaycanın enerji sektorunda
çox yaxşı səviyyədə investisiya yatırıb. Eyni zamanda Türkmənistan
qazının Azərbaycana svopu, Azərbaycan qazının Naxçıvana svopu iki
ölkənin qaz sektorunda ümidverici əməkdaşlığını əks etdirir.

“İki ölkə Araz çayı üzərində birgə şəkildə istismar edilməsi
üçün hidroqovşaqlar inşa edib və yaxın gələcəkdə həmin
hidroqovşaqlarda Su Elektrik Stansiyaları tikiləcək”, – deyə o qeyd
edib.