
Bakı. Trend:
29-30 sentyabr 2025-ci il tarixində paytaxt Bakıda nüfuzlu
“INMerge” İnnovasiya Sammiti-2025 baş tutacaq. PAŞA Holdinq-in
təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi texnoloji
yeniliklər, startaplar və innovativ həlləri təşviq etmək, eləcə də
müxtəlif ölkələri təmsil edən iş adamları və investorların
şəbəkələşməsinə dəstək olmaqdır. Sammit çərçivəsində fintex,
telekommunikasiya, elektron ticarət kimi sahələrdən olan
innovatorlar, investorlar və sahənin nüfuzlu liderləri Bakı Konqres
Mərkəzində bir araya gələcək.
Bu il sammit çərçivəsində sosial məsuliyyət sahəsində önəmli
əməkdaşlıq elan edilib. Belə ki, tədbirin rəsmi sosial tərəfdaşı
Qırmızı Ürəklər Fondu seçilib. Bununla da sammit çərçivəsində
satışa çıxarılan brendləşmiş geyim, aksesuar kimi promo məhsulların
satışından əldə olunan gəlirlər Fonda ianə ediləcək. Bu təşəbbüslə
sammit iştirakçıları və tərəfdaşlarına sosial layihələrə birbaşa
töhfə vermək imkanı yaradılacaq.
Qeyd edək ki, “Red Hearts” – “Qırmızı Ürəklər Fondu” 2020-ci
ildə “Kapital Bank”ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu
olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan
fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir.
Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil,
təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib
mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali
məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında
birləşdirməkdir. “Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı
tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün
https://redhearts.az saytına
daxil ola bilərsiniz.