
Bakı. Trend:
Qara dəniz sualtı kabel layihəsi enerji təhlükəsizliyini, Cənubi
Qafqaz, Mərkəzi Asiya və Avropa arasında rəqəmsal əlaqəliliyi və
inteqrasiyanı gücləndirəcək.
Trend xəbər verir
ki, bu barədə Dünya bankının Cənubi Qafqaz üzrə regional direktoru
Roland Prays Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya
Forumunda çıxışında danışıb.
“Bu təşəbbüs Cənubi Qafqaz və Avropa İttifaqının elektrik və
rəqəmsal bazarlarını Gürcüstan və Rumıniyada çıxış nöqtələri ilə
birləşdirəcək. Potensial böyükdür və region inteqrasiyasına daha
çox diqqət yetirildikcə, Cənubi Qafqazın digər ölkələri də bundan
fayda götürə biləcək”, -deyə o bildirib.
R.Praysın sözlərinə görə, Cənubi Qafqaz və Mərkəzi Asiya sadəcə
tranzit marşrutları deyil, inkişaf edən tərəqqi, innovasiya və
regionlararası əməkdaşlıq mərkəzləridir.
“Orta dəhliz kimi strateji marşrutlara investisiya qoymaq və
Qara dəniz imkanlarından istifadə etməklə, region dayanıqlı
çoxqütblü dünya nizamının formalaşmasında əsas rol oynaya bilər”,-
deyə bank nümayəndəsi vurğulayıb.

